Ayaz Arabaçı - Ən yaxşı ofis...
Ən yaxşı ofis elə buradır.. Təmiz, saf, ilahi həyatın qoynu.
Divarları meşələrdən, pəncərələri üfüqlərdən ibarət OFİSDƏN dostlara Salamlar! . BURASI Tovuzun əsrarəngiz Əsrik dərəsi.
Oturmuşam, min illərin yorğunluğunu sinəsində gəzdirən bir xınalı daşın üstündə.Kondisioner əvəzinə dağların sərin nəfəsi üzümə toxunur. Divar saatı isə budaqlardan-budaqlara qonub uçan quşlardır. Onlar mənə zamanın necə keçdiyini yox, necə yaşandığını xatırladır.
Səhərin ilk salamı cırcıramalardan gəlir. Sonra meşənin dərinliyindən bir quş səsi yüksəlir. Ardınca başqa bir quş ona cavab verir. Elə bil görünməz bir dirijor çubuğunu qaldırır və təbiətin nəhəng orkestri öz möhtəşəm simfoniyasına başlayır. Yarpaqlar küləyin ritminə uyğun xışıldayır, çayın şırıltısı Bu ritmə öz ahəngini qatır, arılar zümzüməsi ilə bu musiqinin incə notlarına çevrilir. Nə bir mikrofon var, nə də səsgücləndirici. Amma bu konsert dünyanın ən böyük salonlarından daha möhtəşəm səslənir.
Göy üzü burada tamam başqa rəngdədir. Elə bil Allah hər səhər onu yenidən yuyur, yenidən boyayır. Bir ləkəsi, bir toz zərrəsi yoxdur. Buludlar yorğun səyyahlar kimi dağların çiyinlərinə söykənib dincəlirlər. Günəş bəzən yarpaqların arasından süzülərək yerə qızılı naxışlar salır. Hər işıq zolağı sanki bir şeir misrasıdır.
Əsrik çayı isə heç vaxt susmur. O, daşlardan süzülərək qədim nağıllar danışır. Bu çayın hər damlasında əsrlərin yaddaşı axır. Bu çay min illərdir bu yerlərin şairlərinin, aşıqlarının, dərvişlərinin sirrini gümüldənir. Mən bu ofisdə öz ürəyimin döyüntüsüylə baş-başayam...
Ətrafı bəzəyən çiçəklər rənglərin bayramıdır. Sarısı günəşdən, qırmızısı şəfəqdən, mavisi səmadan, ağı isə buludlardan ərməğandır.. Onların üstünə qonan xallı kəpənəklər elə bil təbiətin fırçasından indicə çıxmış canlı tablolardır. Hər qanad bir rəsm əsəri, hər uçuş bir rəqsdir.
Meşənin sükutu isə əslində səssizlik deyil. O, danışır.. Yarpaqların pıçıltısı, budaqların ahəngi, torpağın nəfəsi, mamırların qoxusu, ağacların kölgəsi bu sükutun sözləridir. İnsan burada anlayır ki, səssizlik də bəzən ən dərin söhbət olur. Təbiətlə təmasım sözlərlə yox, hisslərlərimlədi.
Burda hər fikir küləyin qanadında gəlir, hər misra yarpaqların arasından süzülən işıqla birgə könlümə enir.
Elə bu dərələri, meşələri, dağları seyr eləməyin özü yazmaq qədər qiymətlidir.
Dünyanın ən böyük yazıçıları, şairləri və rəssamları ilhamın əsl ünvanını bilsəydilər, bu dağlara, bu dərələrə üz tutardılar. Çünki yaradıcı insan üçün ən qiymətli sərvət sakitlik deyil, təbiətin ruhudur. O ruh isə burada Tovuzun əsrarəngiz Əsrik dərəsində, hər daşda, hər yarpaqda, hər damla suda var.
Mən burda ruhumu zənginləşdirən bir ilham qaynağı tapdım.. Burada nə yorğunluq var, nə də darıxmaq. Burada yalnız həyat var.
Əgər cənnət yer üzündə hansısa guşəyə enibsə, mən inanıram ki, onun ən gözəl nümunələrindən biri də Əsrik dərəsidir. Burada yazılan hər söz şırıltıyla axıb gedən çayın səsinə qarışır, küləyin qanadına qonur və göylərin sonsuz maviliyinə doğru uçur. Bir də bu möhtəşəm torpaqda Məmməd İsmayıln nigaran ruhu dolaşır.. .