Şakir Xanhüseyinlidən İKİ ŞEİR
VİLƏŞ ÇAYINDA BİR ŞEİR
Dedim xəfə yerdi, bir az
inzivaya çəkilim,
Soyusun həsrət kəlmələr,
yanmasın ağzım, dilim...
Sağa keçdim solum küsdü,
yaxınlıq belədir də...
Sığallayırdı daşları,
əzizləyirdi əlim...
Hər addımda bir acının
axırına çatırdım;
Doğma yurdum, doğma elim;
dərd itsin ilim-ilim!
Batıb ağır sükutuna
dağlar ucalığının;
Yüngülləşirdim sanasan
əridikcə nisgilim...
Viləşin şaqraq səsində
bir nəğmə çağlayırdı.
Necə diri, canlı idi
sularında şəkilim!..
06.06.2021
RUHUM ALOVLARDA...
Ruhum alovlarda, ayağım suda;
Burda sönməməyə mən yanıb gəldim...
Görmüşəm Viləşin sel vaxtını da;
İstərsə aparsın, qurbanı gəldim...
Bir cığırdan tutsam, dağa çıxarar,
Heyif, zirvələrdə qalmayıbdı qar...
Sakit dayanıbdı niyə ağaclar,
Bəlkə yanlarına yabançı gəldim?
Bilinir çox yerdə od, atəş yeri,
Yamacda görünür iri daş yeri...
Sanki vələs mənə:-“ Bəri keç, bəri,
Hardaydın, bu qədər yubanıb gəldin?”
Palıdın, cökənin gövdəsinə bax,
Deyirsən min ili geri qoyacaq...
Zamana dov gələn hər qaya, hər dağ;
Əhdə vəfalılıq... inanıb gəldim...
Daşlı çəhlimləri ayağım çəkir,
Bulaq, gözlərini gözümə dikir...
Qalxım birnəfəsə indi bu diki,
Enişdə, yoxuşda sınanıb gəldim...
Baxıram ətrafa qurulu büsat,
Yerdəki bir lələk duyğuma qanad...
Vaxt su kimi axır, ey dadi-bidad,
Dağların başına dolanım, gəldim!
06--07.06.2021