Ağaevli Əli Hacı - Bu gün ürəyimdə gecə dincəlir,

Gündəm 12:41 / 10.07.2026 Baxış sayı: 351

 

Bu gün ürəyimdə gecə dincəlir,

bu gün bayırda ol,isin oduma !
Yağışı köçürtdüm yerin altına,
üstündə şam yandır mənim adıma !

Bu əsən küləyin yeri bilinməz,
çoxdandır görünmür Bakının qarı...!
Mən,belə qocaldım durduğum yerdə,
sən də keç üstümdən gününə qarı !

Ayır əllərini yol ayrılan tək,
apar ayağını ilişib qalar !
Ağla,gözlərinin yaşında ölüm
şəklim yanağında qırışıb qalar !

Bu gecə ürəyim mənimki deyil,
bu gecə özümü çölə atmışam !
Sıxma ürəyini,çölü gəzəndə
bu sonun əvvəlin ölü tapmışam !