SEVGİ YARADILIŞIN ƏN BÖYÜK SİRRİDİR
İnsan dünyaya gəldiyi ilk andan etibarən görünməyən, lakin bütün həyatını müşayiət edən bir həqiqətlə qarşılaşır. Bu həqiqətin adı sevgidir. Ana qucağının istiliyi, atanın qayğıkeş baxışları, ailənin mərhəməti, dostun sədaqəti, Vətənə bağlılıq, təbiətə vurğunluq, bunların hamısı sevginin müxtəlif təzahürləridir. Sevgi yalnız bir duyğu deyil, yaradılışın mahiyyətidir. O, insanın ruhunu işıqlandıran, vicdanını oyadan, qəlbini saflaşdıran ilahi bir qüvvədir. Məhz buna görə sevgi yaradılışın ən böyük sirri hesab olunur. Çünki həyatın mənasını, insanın kamilliyini və dünyanın ahəngini məhz sevgi tamamlayır.
Azərbaycan poeziyasında sevgini bu qədər geniş, dərin və həyatın bütün sahələri ilə əlaqələndirən sənətkarların sırasında Səməd Vurğun xüsusi yer tutur. Onun yaradıcılığında sevgi təkcə iki qəlbin bir-birinə bağlılığı deyil. O, insanın özünə, ailəsinə, xalqına, Vətəninə, təbiətə və bütövlükdə həyata olan münasibətidir. Şair üçün məhəbbət insanın mənəvi ucalığının ölçüsüdür.
Bu baxımdan onun məşhur fikri bütün yaradıcılığının əsas ideyalarından biri kimi səslənir:
"Məhəbbətsiz yaşayana bu dünyada insan demə!"
Bu bir misra deyil, insanlığa ünvanlanmış böyük mənəvi çağırışdır. Səməd Vurğun demək istəyir ki, insanın həqiqi dəyəri onun var-dövləti ilə deyil, ürəyində yaşatdığı sevgi ilə ölçülür. Çünki sevgi olmayan ürək daşlaşır, mərhəmətini itirir, vicdanını susdurur. Belə insan yaşayır, lakin həyatın mənasını duya bilmir.
Səməd Vurğun üçün sevgi kainatın qanunudur. O hesab edirdi ki, insan təbiətdən ayrı deyil. Təbiətin bütün gözəllikləri məhəbbətin ifadəsidir. Baharın gəlişi, çiçəklərin açması, quşların nəğməsi, çayların axını, dağların əzəməti, bunların hər biri yaradılışın sevgidən doğulduğunu göstərir.
Şair təsadüfən demirdi:
"Məhəbbət dediyin təbiətdədir, təbiət özü də məhəbbətdədir."
Bu fikir böyük fəlsəfi məna daşıyır. İnsan təbiəti sevdiyi qədər özünü də sevər. Ağacı qoruyan, çiçəyi əziz tutan, torpağı müqəddəs bilən insan əslində sevginin mahiyyətini anlayan insandır. Təbiət sevgidən uzaqlaşan cəmiyyət isə mənəvi böhran yaşayır.
Səməd Vurğun üçün sevgi həyatın nəfəsidir. O, hesab edirdi ki, sevgi olmayan yerdə nə gözəllik, nə yaradıcılıq, nə də inkişaf mümkündür. İnsan qəlbinin ən saf duyğuları məhz sevgidən qidalanır. Ona görə də onun poeziyasında məhəbbət həmişə həyatla eyni mənada işlənir.
Şair başqa bir hikmətli fikrində yazır:
"Məhəbbətdir bu dünyanın tükənilməz böyük varı."
Dünyada sərvətlər tükənə bilər, dövlətlər dəyişə bilər, zaman insanı qocalda bilər. Ancaq sevgi tükənmir. Əksinə, paylaşdıqca artır, böyüyür və insanları bir-birinə daha da yaxınlaşdırır. Sevginin ən böyük möcüzəsi də budur.
Səməd Vurğun sevgini insanın şərəfi hesab edirdi. Onun düşüncəsinə görə, insanın ucalığı nə vəzifəsində, nə şöhrətində, nə də qazandığı sərvətdədir. İnsan yalnız sevdiyi zaman həqiqi böyüklüyə çatır.
O yazırdı:
"Məhəbbət şərəfdir insan oğluna."
Bu fikir çox sadə görünür. Lakin onun arxasında böyük həyat fəlsəfəsi dayanır. Şərəf yalnız düzgün yaşamaq deyil. Şərəf sevməyi, bağışlamağı, mərhəmət göstərməyi bacarmaqdır. Kin insanı kiçildir, sevgi isə böyüdür.
Bu düşüncənin davamı kimi şair başqa bir yerdə yazır:
"İnsana yaraşır yalnız məhəbbət."
Doğrudan da, insanı gözəlləşdirən geyimi deyil, qəlbidir. İnsan danışdığı sözlə deyil, ürəyində yaşatdığı sevgi ilə tanınır. Mərhəmət, sədaqət, dostluq, vəfa, bunların hamısı sevginin müxtəlif adlarıdır. Sevgi olmayan yerdə bu dəyərlər də yaşaya bilməz.
Səməd Vurğunun poeziyasında sevgi insanın mənəvi kamilliyə yüksəlməsinin ən mühüm vasitəsidir. Şairə görə, insan yalnız sevəndə öz daxilindəki işığı kəşf edir. Sevgi qəlbi saflaşdırır, vicdanı oyadır, insanı daha səbirli, daha mərhəmətli və daha ədalətli edir. Sevgi insanın ruhunu zənginləşdirən, ona yaşamaq eşqi verən ilahi bir nemətdir. Buna görə də şair sevgini sadəcə hiss kimi deyil, mənəvi tərbiyə məktəbi kimi dəyərləndirirdi.
Onun dillər əzbəri olan fikri bu həqiqəti çox aydın ifadə edir:
"Yalnız məhəbbətlə insan ucalar, eşqsiz bir ürək vaxtsız qocalar."
Bu misralarda böyük həyat fəlsəfəsi yaşayır. İnsan yaşının çoxluğu ilə deyil, qəlbinin gəncliyi ilə yaşayır. Sevgini itirən ürək hələ gənc yaşlarında qocalır, həyata marağını itirir. Məhəbbətlə yaşayan insan isə ömrünün sonuna qədər ruhən cavan qalır. Çünki sevgi insanın daxilində sönməyən bir çıraqdır.
Səməd Vurğun üçün həqiqi sevgi oyun deyil, ötəri hiss deyil, nəfsin arzusu deyil. O, sevgini müqəddəs bir etibar hesab edirdi. Əsl məhəbbətin əsasında sədaqət, hörmət və məsuliyyət dayanır. Ürəklə oynamaq, sevgini əyləncəyə çevirmək şair üçün mənəvi yoxsulluğun əlaməti idi.
Buna görə də o yazırdı:
"Sevgi oyun deyil, ürək oyuncaq."
Bu qısa, lakin dərin mənalı fikir bu gün də öz aktuallığını qoruyur. Müasir dövrdə insanların bir-birinə qarşı etimadının sarsıldığı, münasibətlərin bəzən maraqlar üzərində qurulduğu bir vaxtda bu sözlər daha böyük məna qazanır. Sevgi məsuliyyətdir. Qarşı tərəfin qəlbini qorumaq, onun hisslərinə hörmət etmək, verdiyin sözə sadiq qalmaq sevginin ayrılmaz hissəsidir. Ürəyi qırmaq asandır, onu yenidən əvvəlki halına qaytarmaq isə çox çətindir.
Səməd Vurğun sevgini yalnız qarşılıq almaq üçün yaşanan hiss hesab etmirdi. O, insanın əvvəlcə sevməyi bacarmasının vacibliyini vurğulayırdı. Çünki sevgi insanın daxilindən gələn bir işıqdır. O işıq başqalarının davranışından asılı olmamalıdır.
Şair yazırdı:
"Sevməyi bacaran qadir bir ürək, bir sevilməzsə də, bir seviləcək."
Bu fikir insanı ümidə, səbirə və nikbinliyə çağırır. Həyatda bəzən sevgimiz qarşılıqsız qala bilər. Lakin bu, sevginin dəyərini azaltmır. Əksinə, səmimi sevgi insanın mənəvi böyüklüyünü göstərir. Sevə bilən ürək heç vaxt tənha qalmır. Çünki sevgi gec-tez öz qarşılığını tapır. Bəlkə eyni insanda deyil, başqa bir ürəkdə, başqa bir taledə, başqa bir zamanda...
Zaman hər şeyi dəyişir. İnsanlar qocalır, şəhərlər dəyişir, nəsillər bir-birini əvəz edir. Ancaq Səməd Vurğun inanırdı ki, həqiqi məhəbbət zamanın fövqündə dayanır. Onu nə məsafə, nə ayrılıq, nə də illər məhv edə bilir.
Bu düşüncəni o, belə ifadə etmişdir:
"Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman."
Bu misra sevginin ölməzliyini ifadə edir. Həqiqətən də, insan ömründə elə insanlar olur ki, illər keçsə də, onların xatirəsi qəlbdən silinmir. Çünki həqiqi sevgi yaddaşdan yox, ruhdan yaşayır. O, insanın ömrünə çevrilir. Zaman yalnız xatirələrin üzərinə toz qondura bilər, amma həqiqi sevgini heç vaxt məhv edə bilməz.
Elə buna görə də Səməd Vurğun başqa bir yerdə yazır:
"Unutmaz aləmdə sevən sevəni."
Bu sözlər sevginin əbədi yaddaş olduğunu göstərir. Həqiqətən sevən insan unutmur. Çünki sevgi qəlbdə yazılan elə bir kitabdır ki, onu nə zaman silə bilir, nə də həyatın sərt sınaqları.
Səməd Vurğunun yaradıcılığında məhəbbət yalnız hiss deyil, insan ruhunun canlı nəfəsidir. Şair sevgini elə bir mənəvi qüvvə hesab edirdi ki, o, insanın daxili aləmini oyadır, onu xeyirxahlığa, mərhəmətə və nəcibliyə aparır. Qəlbində sevgi yaşayan insanın baxışları da dəyişir, danışığı da, davranışı da dəyişir. O, dünyaya nifrətlə deyil, mərhəmətlə baxır. Belə insan başqasının sevincinə də sevinir, kədərinə də şərik olur. Məhz buna görə sevgi insan ruhunun həyat mənbəyidir.
Bu böyük həqiqəti Səməd Vurğun belə ifadə etmişdir:
"Məhəbbət özü də canlı həyatdır, onun varlığını yaşayan duyur."
Bu fikir göstərir ki, sevgi kitablarda oxunan və ya sözlə izah edilən bir anlayış deyil. Onu yalnız yaşayan, hiss edən və qəlbində daşıyan insan dərk edə bilər. Sevginin əsl mahiyyətini nə zənginlik, nə elm, nə də şöhrət əvəz edə bilir. Çünki sevgi insanın ruhunu qidalandıran ilahi bir nemətdir.
Şair sevgisiz insanı ruhunu itirmiş bir varlığa bənzədirdi. İnsan yalnız nəfəs almaqla yaşamır. Onun qəlbi də yaşamalıdır. Əgər ürəkdə sevgi yoxdursa, həyatın bütün gözəllikləri öz mənasını itirir. Baharın çiçəkləri də, quşların nəğməsi də, həyatın sevincləri də belə insan üçün dəyərsiz görünür. Çünki qəlbi boş olan insan gözəlliyi görə bilmir.
Səməd Vurğunun məşhur fikri bu həqiqəti çox sərt, lakin son dərəcə təsirli şəkildə ifadə edir:
"Bir parça sümükdür sevdasız insan."
Bu sözlərdə böyük bir xəbərdarlıq vardır. İnsan bədənlə deyil, qəlblə yaşayır. Qəlbi yaşadan isə sevgidir. Sevgisiz ürək döyünsə də, mənəvi baxımdan susmuş hesab olunur. Deməli, sevgi insanı yalnız xoşbəxt etmir, onu həqiqi insan kimi yaşadır.
Səməd Vurğun sevginin zamanla məhdudlaşmadığını düşünürdü. Onun fikrincə, həqiqi məhəbbət nə dünən başlayır, nə də sabah bitir. O, zaman anlayışından daha böyük bir həqiqətdir. İnsan ömrü sona çata bilər, amma sevginin izi yaddaşlarda və ürəklərdə yaşayır.
Şair yazırdı:
"Məhəbbətin nə ilki, nə sonu var."
Bu fikir əsl məhəbbətin əbədiliyini ifadə edir. İnsanlar dəyişə bilər, illər ötüb keçər, həyat yeni yollar açar. Lakin həqiqi sevgi zamanın hökmünə tabe olmur. Çünki sevgi təqvimlə ölçülmür. O, ürəyin dərinliyində yaşayan ilahi bir hissdir. Elə buna görə də əsrlər keçsə belə, böyük məhəbbətlər unudulmur.
Səməd Vurğunun yaradıcılığında sevgi etibardan ayrı təsəvvür edilmir. Etibar olmayan yerdə sevgi də uzunömürlü ola bilməz. İnsan bir-birinə güvənmədikcə, sədaqət göstərmədikcə məhəbbətin böyüməsi mümkün deyil. Həqiqi sevgi həmişə inam üzərində qurulur.
Şair böyük uzaqgörənliklə yazırdı:
"Bu dünyada bir məhəbbət, bir etibar ölməyəcək!"
Bu misralar bu gün də öz hikmətini qoruyub saxlayır. Dünya dəyişir, texnologiyalar inkişaf edir, həyat tərzi yenilənir. Lakin insanın sevgiyə və etibara olan ehtiyacı dəyişmir. Çünki bunlar insanlığın əbədi dəyərləridir. Məhz buna görə Səməd Vurğunun bu fikri yalnız poetik misra deyil, həm də həyat qanunudur.
Səməd Vurğunun sevgi haqqında söylədiyi ən dərin fikirlərdən biri də budur:
"Məhəbbət! Ömrü sevdasız yaşatmaq bir cinayətdir!"
Bu sözlər sevginin insan ömründə nə qədər böyük yer tutduğunu göstərir. Şairə görə, sevgisiz keçən ömür boşa yaşanmış ömürdür. Çünki insan yalnız işləmək, qazanmaq və yaşlanmaq üçün yaradılmayıb. O, sevmək, sevilmək, yaxşılıq etmək, mərhəmət göstərmək üçün yaradılıb. Sevgisiz insan həyatın mənasını tam dərk edə bilməz. Sevgi insanın ruhunu zənginləşdirir, onu mənəvi cəhətdən kamilləşdirir və həyata bağlayır.
Səməd Vurğunun sevgi haqqında söylədiyi fikirlər Azərbaycan ədəbiyyatının ən qiymətli mənəvi xəzinələrindən biridir. O, sevgini nə sadəcə romantik duyğu, nə də keçici hiss hesab edirdi. Onun üçün məhəbbət insanlığın başlanğıcı, həyatın mənası, vicdanın səsi, təbiətin ruhu və yaradılışın ən böyük sirri idi. Şair bütün yaradıcılığı boyu insanları kinə deyil, sevgiyə, nifrətə deyil, mərhəmətə, ayrılığa deyil, birliyə səsləmişdir.
Bu gün də Səməd Vurğunun sevgi haqqında söylədiyi hikmətli sözlər öz aktuallığını itirməmişdir. Çünki zaman dəyişsə də, insan qəlbinin ehtiyacı dəyişmir. İnsan həmişə sevgiyə möhtacdır. Sevgi olan yerdə ümid var, sədaqət var, mərhəmət var, xoşbəxtlik var. Sevgi olmayan yerdə isə qaranlıq, tənhalıq və mənəvi boşluq hökm sürür.
Məhz buna görə Səməd Vurğunun sevgi fəlsəfəsi bu gün də insanları düşündürür, onlara yol göstərir və bir həqiqəti xatırladır: insanı ucaldan da, dünyanı gözəlləşdirən də, həyatı mənalandıran da yalnız məhəbbətdir.
Sevil Azadqızı
10.07. 26