Ayaz Arabaçı - Aradabir qaldırıb baxıram o cədvələ...

Ədəbiyyat 09:07 / 14.12.2025 Baxış sayı: 1297

 

Kim vardan şair olmuş, kim yoxdan şair olmuş.

Eləsi var bulaqdı, eləsi var nəhrdi,

Hətta eləsi də var sasokdan şair olmuş.

 

Biri də var dartınır gah qabağa, gah dala,

Yəni qızmış at kimi sığışmayır xalxala,

Yox ağlınız getməsin, təbii, xalis bala,

Bu da bir növ işlənib pesokdan şair olmuş.

 

Çoxdu şan- şöhrət gəzən, azan-təzən, bu yolda,

Döyənək də, qabar da, qribok da, mazol da,

Bax o özünü dartan köstəbək var ha, solda,

Ordan-burdan artırıb kusokdan şair olmuş.

 

Başqa rəng seçimi yox, hər tərəf qara fondu,

Bilinmir hara daldı, bilinmir hara fondu,

Ədəbiyyat elə bil kütləvi marafondu,

Önə çıxan antilop, kubokdan şair olmuş.

 

Hamıya qismət olmur istedad buz bulaqdan,

Biri də var, Allahım, iraq üzdən-qulaqdan,

Uşaq vaxtı yıxılıb qocaman bir ulaqdan,

Adam şok keçirib də və şokdan şair olmuş.

 

Çəkilmişəm bir yana mən bu çirkin savaşda,

Hər şey cəhənnəm olsun, yoxdusa-yox, bu yaşda,

Ağzına çullu dovşan sığmayan bir qaqaş da,

Beş on qafiyə tutmuş tik-tokdan şair olmuş

 

İstəsələr sevəllər, ya da ki, dışlayallar,

Üstümdən kotan çəkib bir yolluq xışlayallar,

Yəqin bu ifadəmi mənə bağışlayallar,

Zaman elə gəlib ki, hər bokdan şair olmuş..