Arzu Hüseyn

Ədəbiyyat 12:57 / 14.03.2025 Baxış sayı: 429

Gülümsədim, dedilər ki şaddı bu,

Üz-gözümdən bəxtəvərdi dedilər.

Qəm-qüssəyə ögeydi bu, yaddı bu,

Nə vaxt baxsan təzə-tərdi dedilər.

Mən payızdım, mən yağışdım əslində…

 

Dağ gördülər qürurumu, gücümü,

Şah sandılar, o niyyəti günahlar.

Bilmədilər yerə qoyub tacımı,

Gizli-gizli ağladığım sabahlar,

Mən payızdım, mən yağışdım əslində…

 

Necə təkdim, necə yalnız, İlahi!

Sanırdılar el gücüdür mənimki.

Quru canla, de ki bu qız, İlahi

Necə çəkib bu ağrını, bu yükü,

Payız kimi, yağış kimi əslində…

 

Dərin baxsan o xəzəli sezərsən,

Yarım ömrü bir nəfəsə daşıdım.

Tanrı yetir mənə doğru nəzər sən,

İnsan ömrü yaşamadım,

Yaşadım-

Payız kimi ,yağış kimi əslində…