Arzu Əsəddən REAL QİYMƏT

YAZARLAR 19:32 / 09.08.2025 Baxış sayı: 2962

Ermənistanla sülh müqaviləsi bağlanır. Geosiyasətin şərtləri də məlum. Dunən bir-birinə qarşı vuruşan bu iki xalq, bu iki dövlət sabah eyni səngərdə ola bilər. Görüş, çox şükür ki, normal, hətta parlaq kecdi. Azərbaycan və Ermənistan prezidentləri öz xalqlarının təmsilçiləri kimi bir-birlərinə boyük hörmət və ehtiramlarını nümayiş etdirdilər.

Düşünürəm ki, belə bir vaxtda ictimai rəyə təsir gücü olan ağlı başında şəxslərimiz "mənim atam sənin atandan yaxşıdır" infantil-uşaq düşüncəsi ilə prezidentlərin bu görüşdəki nitq və davranışlarını müqayisə edib hazırkı Ermənistan prezidentini aşağılamağa çalışmamalıdırlar. Hər iki prezident böyük tarixi bir iş gordü, eyni zamanda da, böyük bir tarixi məsuliyyətin altına girdilər.

Biz bu hadisəyə bu böyük uğurun fərəhi ilə yanaşıb özümüzü tərifləməklə yanaşı, həm də bu boyük məsuliyyətin ağırlığını dərk edib sabah eyni səngərdə ola biləcəyimiz erməni xalqının tərəqqipərvər, sülhsevər kəsiminin təmsilçisi Paşinyanın da bu bir neçə ildə daxildən və xaricdən çox böyük təzyiqlər altında olmağına baxmayaraq atdığı cəsarətli addımları, gördüyü əməli işləri qeyd etməklə də qiymət verməliyik.

Bizə - Azərbaycana, Türkiyəyə dost əli uzadan, neçə ildir ki, Rusiyanın rusiyapərəst qüvvələri Ermənistan hakimiyyətinə gətirməsinə imkan verməyən Paşinyanın qədir-qiymətini bilməli, onun obrazının Ermənistan ictimai rəyində yüksəlməsi üçün əlimizdən gələni etməliyik. Yoxsa, "Paşinyan üzundən oxudu, Pasinyan bizim prezidentə baxıb üzündən köçürdü" və sairə belə mənasız ifadələrlə adamın obrazını aşağılamaq cəhdləri bu gün düşmənçiliyin ifadəsi yox, düsmən dəyirmanına su tökmək deməkdir. Heç İlham Əliyevin də belə müqayisələrə ehtiyacı yoxdur.

Artıq ona, Azərbaycana bu gün belə mənasız müqayisələrdən, fərqləndirmələrdənsə, sabahkı ümumi rəqibə qarşı birgə dayanmaq üçün son bir neçə ildə gordüyü əməli işlərə adekvat olan müsbət Ermənistan prezidenti obrazı lazımdır.