Arzu Əsəd : - SOSİ AL ƏDALƏT

YAZARLAR 14:56 / 17.07.2024 Baxış sayı: 3012

Dünya milyarderlərinin,əski siyasətçilərinin, Hollivud və Bollivud aktyorlarının, hətta Kim Qardaşyan və bacısınınn da iştirak etdiyi Hindistanın sərvəti yüz milyardla ölçülən Ambanilər ailəsinin övladlarının bir neçə ay davam edən toy şənliyindən fraqmentlərə baxdım.

Toy şənliyinə 600 milyon dollar xərclənib. Həyatın və xoşbəxtliyin ən bahalı dekorlar və ən ucuz jestlər fonunda imitasiyası . İnsanlıq halından çıxmış devlər, alilər, simulyakrlar. İnsan ölçüsünü aşmış kübarlığın, elitliyin, gücün, varın nümayişi...Budurmu insanlığın idealı? Sərvət kimin əlində toplanmasından asılı olmayaraq insanlığın ümumi malıdır. Onu əksəriyyəti acından ölən miyard yarımlıq əhalisi olan bir ölkədə bu şəkildə israf etməyə heç kimin mənəvi haqqı olmamlıdır.

Qərb ağlı bu təfəkkürə çatıb. Avropanın bir çox ölkələrində sosialist ideallarının bərqərar olmasına, cəmiyyətdə sosial ədalətin qələbəsinin təminatına can atırlar. İnsanlar belə axmaq, qeyri-insani, görməmiş göstərişlərdən qaçır. Hələ də bu və ya digər dərəcədə həyatda və təfəkkürdə kasta sisteminin, köləlik ətalətinin qaldığı Şərqdə isə normal, sağlam şüur üçün ikrah doğuran cah-cəlal, güc-güdrət göstərişləri ilə gözləri və düşüncələri qamaşdırmaqda davam edirlər.

Bu, infantillikdir, vəhşi instinktlərin kübarlıq və mədəniyyət cildinə girmiş təzahürüdü. Bizim cəmiyyətimizdə də get-gedə artmaqda olan təbəqələşmə nəticəsində toylarımız və şənliklərimiz əndazədən çıxır, insanlar məcburən səfeh bir özünü göstərmə rəqabətinə girirlər. Gündəlik həyatda da maddiyyat bütləşdirilir, maddiyyat sahibləri ağlından, biliyindən, qanacaq-qabiliyyətindən asılı olmayaraq kumirə çevrilir, cəmiyyətdə bir meşşanlaşma prosesi hökm sürür. Belə bir cəmiyyət isə normal insan həyatı üçün yaşanılmaz, dözülməz bir mühitə dönür. Bir cəmiyyətdə  SOSİ AL ƏDALƏT bərqərar olmadıqca, orta sinfin çoxluğu yaranmadıqca, həqiqi mənəvi dəyərlər hakim olmadıqca, həmin cəmiyyətdə hər bir əməl, qəhrəmanlıq, istedad, güc, sərvət nümayişi öz əksinə, karikaturaya, parodiyaya çevrilir.