Arzu Əsəd : - Qaragüruh olmayaq!
Sizin hansı biriniz hansısa bir statusda "erməniyə dayı deyək", "erməni ilə dost olaq","erməniyə qucaq açaq " ifadəsini görübsünüz? Əminəm ki, heç biriniz. Bəs niyə sülh müqaviləsinin bağlanmasına cəhd edən, bu iki xalqın arasında normal siyasi-iqtisadi əməkdaşlığın yaranmasını istəyən adamlara qarşı belə uydurma ittihamlar irəli sürürsünüz? Sizin nə probleminiz var? Oxuduğunuzu yaxşı anlamırsınız? Dərk qabiliyyətiniz zəifdir?
Yoxsa başqalarının adına bu uydurma ifadələri yaradıb Don Kixot kimi gözünüzə görünən kölgələrlə vuruşur, beləliklə öz daxili psixoloji problemlərinizi həll edirsiniz? Əgər bir şəxs "erməniyə dayı deyək","erməni ilə dost olaq", "erməniyə qucaq açaq" demirsə, amma onun yazdıqlarından sən bu mənanı çıxarır və bu ifadəni işlədirsənsə, demək bu ifadə sənin özünə aiddir, sənin şüuraltında yetişmiş bir ifadədir və sən özün erməniyə dayı deməyə meyillisən, sadəcə onu bu şəkildə, başqasının adından ifadə edirsən.
Misir Mərdanovun məlum çıxışı ilə bağlı status yazmışam. Çoxlu müsbət rəylər gəldi. Mənfi rəylər də gəldi. Mən mübahisə və müzakirələrə həmişə açığam və daim hörmət və nəzakət çərçivəsində dialoqun olmasını təbliğ və təşviq edirəm. Amma bir neçə tanıdığım, bildiyim bəzi ziyalılar bu statusda yazmadığım fikirləri mənə şamil edib tamamilə aidiyyatı olmayan rəylər yazırlar. Hələ çox ürəkdən sevdiyim, hörmət etdiyim bir şair dostum da rəyində, mənim gizli şəkildə yaltaqlıq etdiyim eyhamını vurmuşdu.
Əzizlərim, keçmiş Bakı meri Hacıbala demişkən, olsa-olsa bu ölkədə yaltaqlıq edilməli bir kişi var. Daha Misir müəllimə niyə yaltaqlıq edək? Mən Misir müəllimə olan hörmətimlə yanaşı onu deyim ki, o kişi nə nazir olanda, nə də indi şəxsən mənim yaltaqlıq etməli olduğum səviyyənin, ranqın adamı olmayıb, olmayacaq da. Sadəcə mən də yüz minlərlə qərbi azərbaycanlı kimi atamdan, babamdan Misir Mərdanovun ermənilərlə bağlı xatirələrinə oxşar onlarla, yüzlərlə xatirə eşitmişəm.
Qarabağda da ermənilərlə birgə yaşayan hər bir azərbaycanlının da buna oxşar çoxlu xatirələri var. "Xatirələri danışmayın" nə deməkdir? Min illərin tarixini yaşamış bütöv bir millət olaraq məgər ibtidai sinif şagirdiyik, uşağıq ki, millətin tərbiyəsinə, vətənpərvərlik hisslərimizə pis təsir edər deyə içimizdən kiməsə hansısa olmuş həyat hadisəsini hansısa metodika üzrə hələ danışıb-danışmamağı qadağan edək?
Bu infantillik duyğusundan, natamamlıq kompleksindən azad olmalıyıq. Bu kompleks erməni xalqında onillərlə formalaşıb və indi də onu məhv olmağa sürükləyir. Erməni xalqının Paşinyan kimi aydınları öz tutduğu yüksək mövqelərdən çəkinməyərək bu şovinizmin, faşizmin onların sonuna çıxacağını izah edirlər. Sülh müqaviləsi təkcə dövlətlərarası məsələ deyi, xalqların, cəmiyyətlərin, fərdlərin də işidir. Bu qələbə bizdə eyforiya, şıltaqlıq, ərköyünlük, milli təkəbbür, hələ-hələ tarix boyu türkə yad olan şovinist duyğular yaratmamalıdır. Keçmişdən gələn qorxuya, xofa isə heç yol açmamalıdır.
Ermənilərlə xalqlar, cəmiyyətlərarası dialoq, siyasi-iqtisadi əməkdaşlığın zəruri olduğunu bildirən ziyalılara, aydınlara isə böhtan atıb guya onlar "erməniyə dayı deyək", "erməni ilə dost olaq" deyiblər deyə şaiyələr yaymayın, onlara sinsi, məkrli yarlıklar yapışdırmayın, "sülh", "barış" anlayışı ətrafında yeni bir qaragüruh yaratmağa çalışmayın Sözlə davranmaq qabiliyyətiniz varsa, zərgər işi tələb olunan yerdə dəmirçilik etməyəcəksinizsə, həqiqətin gizləndiyi detalları bilərəkdən təhrif etməyəcəksinizsə bu mübahisələrə qoşulun, tariximiz və millətimizin müqəddaratı üçün son dərəcə əhəmiyyətli olan bu məsələdə haray-qışqırıq salmadan, şüvən qaldırmadan, özünüzü ultra vətənpərvər, millətçi, oponentinizi isə az qala vətən xaini çıxarmadan sözünüzü deyin. Yadınızda saxlayın, faşizm elə bu şəkildə, qaragüruhun şər, böhtan, məkrlə əks fikri qorxudaraq basdırması ilə, yalançı vətənpərvərliyin, irrasional millətçiliyin bətnində ərköyünləşdirilmiş hiss və fikirlərdən doğur. Bunun da sonunun nə ilə bitəcəyini tarix dəfələrlə göstərib.
Qaragüruh olmayaq!