Aləmzər Sadiqqızı : - Bağışla...

Ədəbiyyat 15:00 / 31.08.2025 Baxış sayı: 1885

 

Bilirəm, mən səni çox incidirəm...

İçimdə sən adlı vara bağışla.

Könlü qırıq-qırıq, ruhu yaralı,

Bu Leyla ürəkli yara bağışla.

 

Döydü tale məni, döydü qəm məni,

Aldı duman məni, aldı çən məni,

Min ildi üşüdür həsrət Aləmi,

Saçında zamansız qara bağışla.

 

Min oyun oynadı fələk mənimlə,

Danışdı gül mənlə, çiçək mənimlə,

Susdu hər əzaba ürək mənimlə,

Səninlə dil açan lala bağışla...

 

Hərdən dost dediyim yıxdı könlümü,

Ən doğma, ən yaxın sıxdı könlümü,

Bir hicran yandırıb, yaxdı könlümü,

O dosta, doğmaya, sara bağışla.

 

Ruhumu aparır bir saz havası,

Sevgidir könlümün sənlə davası,

Al məni könlünə dinlə qadası...

İnləyən kamana, tara

bağışla.