Aida Adıgözəldən  ÖZÜMÜZƏ  ÖZƏL  BAXIŞ

YAZARLAR 08:20 / 19.08.2025 Baxış sayı: 2201

Hər gündəmə düşən və bir qisim adamın əhatəsindən başqa kimsəyə bəlli olmayan şəxslərin sosial şəbəkələrin verdiyi söz azadlığından pay alaraq populyar adam kimi təqdim olunması və müdafiə olunması acınacaqlıdır. Texnologiyanın ən son modellərinin və süni intellektin həyatımıza girdiyi bu dövrdə insan beyninin təkamül prosesində ləngiməsi göz önündədir. Əsrlərdir insan qalaktikanı fəth edib yol tapıb peyk göndərdiyi halda belə öz beynini öz yaratdığı yeniliklərə uyğunlaşdıra bilmir.

Xalq bir zaman öz qəhrəmanını onu qoruyan xilas edən, sözünü yüksək zümrəyə çatdıran şəxslərdən seçirdi. İndi isə "mifoloji" obrazlarını mənasız, arqo dolu vulqar, bayağı mahnılar və səhnə plastikasından xəbəri olmayan rəqslərlə dolu videoları ilə şəbəkələri dolduran kimlərdənsə seçir. Zövq anlayışını yetişdirmək yerinə insan geriyə dönüşə meyillikdə israrlıdır. Və gəldiyi bu nöqtənin nə qədər qorxunc olduğunun fərqində deyil! Hansı ki, övlad dünyaya gətirirsiniz, nəvə-nəticə yiyəsi olub Azərbaycanın gələcəyinə sahib çıxmaq üçün nəsil verirsiniz... və nəticə?!

Sayın, 21-ci əsrdə bütün sahələrdə yetişən yeni nəsildən çıxanları, nə qədər peşəkar səviyyədə nümayəndələrimiz var? Hansı sektorda nə qədər yeni istedad var? Deyəcəksiniz bu ölkədə doğulmaq belə fəlakətdir...

Yox, mən əsla belə düşünmürəm, sən qanunu bilib tələb edə bilmirsənsə nəzakəti, etik davranışı adi bankomat qabağında yerinə yetirə bilmirsənsə, adi arayış üçün kiməsə rüşvəti özün təklif edirsənsə, özün çirkləndirdiyin ölkədən qaçıb hara getsən də qarğa hansı yuvaya girsə batırdığı kimi oranı da batıracaqsan.

Bu adəti bizdə kim formalaşdırdı axı? Hər türməyə düşənçin mitinq, hər aclıq keçirənçin petisiya, hər cinayət edən, qəzaya düşənçün sosial şəbəkə aksiyası, hər ölkəsinə xəyanət edib başqa əllərə işlədiyi üçün həbs olunan adamların müdafiə kompaniyası?! Biz bu qədər Konstitusiyamızdan bixəbər savadsız, cahil millətikmişmi? O zaman kütlə (bu söz o qədər yersiz və hər addımda hallanan sözə çevrildiyindən ürəyimi bulandıran kəlmə olub daha) möhürü niyə bizi bu qədər narahat edir ki?! Məncə yeni adımız elə boynumuza əla biçilmiş, üstümüzə gözəl oturan dondur...

P. S. Hər gün minlərlə boşanma qeydə alınır, hər ayrılan gəlinin danışan dili, üst modeli Ləmoş niyə olmalıdır? Hər hakimiyyətə nifrətindən dövlətçiliyinə xəyanət edib başqa ölkəyə qaçan, işləyən Azərbaycan vətəndaşı niyə mənim azadlıq kumirim olmalıdır? Birinin düşünərəkdən yaxud eqosundan etdiyi cinayət bir insanın həyatına istər silahla istər hər hansı qəza ilə son qoyursa mən beləsinin azadlığını niyə tələb etməliyəm?

Qalın Amazon meşələrində apaçilər belə özlərinə məxsus cəngəllik qanunlarıyla qəbilələrində qayda-qanun yaratdığı halda bizim "müasir" təfəkkürümüzün hara yuvarlandırıldığının fərqində deyilik!