Aida Adıgözəldən İKİ ŞEİR

Ədəbiyyat 10:45 / 31.08.2025 Baxış sayı: 2665

Qəfil qonaq

Bir baxarsan qaysaqlanıb yaralar,

kimsə gəlib, könlünü qapdırmısan.

Kül tökülüb qor çınqının üstünə,

ürək çaşıb, yolunu sapdırmısan.

 

Gələn qonaq, astaca döy qapımı,

açmayanda pəncərəmə boylanma.

Kifirəmmi, bəxtsizəmmi söylənib

əlin zəngdə, öz özündən huylanma!

 

Biraz gözlə, darmadağın otağım,

səpilibdi divar boyi şəkillər.

Yığışmayıb yas evimin çadırı,

boz qəbirə döşənibdi əklillər.

 

Yozmamışam obaşdanlıq yuxumu,

biraz kalam, ruh əhvalım qarışıq.

Çıxmamışam təsirindən gecənin,

sərsəm kimi... gözüm hələ uyuşuq.

 

Qış çox erkən düşdü, hava da soyuq,

deyəsən yağacaq, hava da nəmli.

Ay gələn müsafir, bir səbrin olsun,

bu səhər kefim yox, yuxum da qəmli...

Kölgə

Sən mənə tanış gəlirsən kölgə,

bir vaxt könül evimə gələn adama oxşayırsan.

Haçansa o da belə gəlmişdi,

səs-küylü,

gözəl sözlərlə doldurmuşdu can evimi.

Ruhumdakı zəlzələdən sonra xarabalıqdır,

can evim darmadağın!

Can verir ruhumda nə varsa,

uçqunlara keşik çəkir bayquşlar.

Lütfən get,

sən də bəri başdan get,

gedənlərin ayaq səsi qulağımda.

Hələ çox işim var,

dağıntıları daşıyıb

küçələri təmizləməliyəm,

yenidən şəhər salmalı,

uca binalar tikib,

pəncərələrində işıq yandırmalıyam.

Mən sevdiyimi öldürürəm özümlə bərabər,

kimə toxunuram

yanır pərvanə kimi!

Mən 12 ballıq zəlzələyəm,

dözə bilməzsən titrətmələrimə...

Get,

sən də get,

bəri başdan get,

aftoşoklar başlamamış get...