Adilə Nəzər : - Tanrının təbiət üzərindən insanla danışma forması -
Beşbarmaq
Tanrının təbiət üzərindən insanla danışma forması - Beşbarmaq
Dağların və ya digər təbii landşaftların insan üzünə, heyvan siluetinə və ya tanış simalara bənzəməsi elmi dildə pareidoliya adlanır. Bu, insan beyninin qarışıq və təsadüfi vizual məlumatlarda tanış şəkillər axtarma meyilidir. Məsələn, buludlarda üz görmək, dağ silsiləsində insan bədəni görmək və ya Ayın üzərində insan siması hiss etmək — bunların hamısı bu qəbil fenomenə daxildir.
Azərbaycanın şimalında, Xəzərin mavisi ilə Tanrıya yüksələn Beşbarmaq dağına uzaqdan baxanda insan öz simasını axtarır. Dağın çılpaq qayalarında, çatlarında, əyilmiş siluetində elə bil Tanrının bükülmüş barmaqları var – insanın yaratmağa, toxunmağa, dua etməyə çalışan barmaqları kimi.
Bəs bu Tanrının mesajı ola bilərmi?
Bu suala iki cür yanaşmaq olar:
1. Elmi-psixoloji baxımından yanaşaq.
Məlumdur ki, insan beyni milyon illik təkamül nəticəsində “tanıma mexanizmi”ni təkmilləşdirib. Bu, təhlükəni və ya dostu-düşməni uzaqdan ayırmaq üçün faydalı olub. Ona görə də biz dağda bir sifət görəndə beynimiz avtomatik onu mənalandırır. Yəni bu, insanın idrak qabiliyyətidir – yaradılışımızın bir hissəsidir.
2. Mədəniyyət və inanclar baxımından yanaşsaq, demək olar ki, bir çox mədəniyyətlər bu cür təbii bənzətmələri ilahi işarə, müqəddəs mesaj və ya mistik rəmz kimi qəbul edirlər. Görüntülərini bir də şəxsən özüm çəkdiyim Beşbarmaq dağı kimi əfsanələrlə dolu yerlər insanlara düşünmək üçün ruhani zəmin yaradır. Bəlkə də bu, Tanrının təbiət üzərindən insanla birbaşa yox, rəmzlərlə danışma formasıdır. Belə ki, inanclarımıza görə, Yaradan çox vaxt sükut içində danışır, sətiraltı danışır.
• Xalq arasında yayılan belə bir rəvayət də var ki, oradakı məzarlar – Ərəb işğalı dövründə, yəni İslamın Azərbaycanda da qəbul edildiyi dövrdə Beşbarmağa sığınıb, orada da vəfat edən və ya öldürülən müqavimətçilərin məzarlarıdır. Lakin xalq arasında dolaşan rəvayətlər elmi faktlarla təsdiqlənmir. Belə ki, Beşbarmaq ərazisində aparılan arxeoloji tədqiqatlar, bu bölgənin qədim məzarlar və nekropollarla zəngin olduğunu göstərir. Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğu daxilində aparılan qazıntılar zamanı eramızdan əvvəl əsrlərə aid, habelə Orta və Yeni dövrlərə aid çoxsaylı məzarlıq izlərinə rastlanıb. Bu məlumat “Vikipediya”da da əks olunub. Beləliklə, Beşbarmaq ərazisində başlanan və inkişaf edən qəbirlərin əsasən antik və orta əsrlərə aid olduğu, yəni İslam dövrünə qədər olan mərhələlərdə yerləşmiş qəbirlər olduğu təsdiqlənib.
Azərbaycanın folklorunda da Beşbarmaq dağı ilə bağlı inanclar, pir yerləri və mistik təhlillər var. Onun beş barmağa, insan siluetinə və ya müqəddəs əllərə bənzəməsi həm xalq yaddaşında, həm də dini-mistik baxışlarda qoruyucu simvol, duaya açılmış əl, ya da Tanrının toxunuşu kimi şərh olunur.
Mövzuya həm elmi nəzəriyyələrlə, həm dini inanclarla baxsaq, Azərbaycan xalqı bu dağa heç vaxt sıradan bir dağ kimi baxmayıb. Bütün dövrlərdə bu dağa müqəddəs məkan kimi baxıblar. Min illər boyu onun ətəyinə gəlib, su içib, dua edib, niyyət tutub, hətta orada gecələyiblər. Deyiblər ki, bura Xızırın ayaq basdığı yerdir, Əlinin əli bu dağda görünür və s. Bu inanclar əfsanə kimi görünə bilər, amma xalqın tarixini daşda oxumaq üçün o əfsanələrə də qulaq vermək lazımdır.
Beşbarmaq dağı həm də müqəddəslik ilə sadəliyin qovuşduğu məkandır. Burada nə böyük məbəd var, nə də süslü ziyarətgah. Amma burada insanın səmaya baxarkən susması var – bu isə hər şeydən dəyərlidir.
Beşbarmaq dağı Azərbaycan xalqının yaddaşından bir çox adlarla süzülüb gəlib: “Xızırın yolu”, “Əl izləri”, “Qədim duaların daşı”. Rəvayətlərə görə burada peyğəmbərlər keçib, müqəddəslər səcdəyə durub, aşiq ürəklər dua edib. Dağ bu duaları udub, hər birini içində bir siluetə, bir izə çevirib. Ona görə də bu dağda insan barmaqları ilə Tanrı barmaqları toxunur bir-birinə. Bu toxunuş isə səssiz bir razılaşmadır: “Mən səni unutmadım.”
Bu dağ Tanrının insanı unutmamağı qədər, insanın da dağa baxıb Onu - Özünü xatırlamasıdır.
Gəlinən nəticə budur ki, bu görüntülər həm Tanrının qüdrətinin təzahürü ola bilər, həm də insanın öz daxili axtarışlarının əksi. Hər baxış bir şərhdir. Mənə görə, gördüyüm üzüyuxarı uzanmış insan silüeti sadəcə hər yerdə olduğu kimi, Beşbarmaq dağında da Tanrının bir izi idi.
01.08.2025