Adil Şirin : - Tənha dəniz sahili...

# # #
Tənha dəniz sahili,
Nə bir səs, nə bir səda.
Könlüm dəniz tək dəli,
Gəncliyim düşür yada.
Bir zaman bu sahildə
Görüşərdik ikimiz.
Dənizə qovuşardı,
O qanadlı sevgimiz.
Ah, nə rahatlığım var,
Nə də könül dincliyim.
Yol gözlərəm hər bahar,
Geri dönməz gəncliyim...
Səni səsləyirəm mən,
Səsimi udur dəniz.
Nə üfüqdə bir yelkən,
Nə də qum üstə bir iz...