Adil Şirin - SEVGİ PAYIZI

Ədəbiyyat 17:11 / 13.12.2025 Baxış sayı: 1367

 

Sevgi payızında ayrılıq nədir,

Dəyişib libası çölün, çəmənin.

Bir daha sevirəm demərəm sənə,

Bir daha qapını döymərəm sənin.

 

Könül rahatlığı aradım, amma,

Sən mənim dünyamı uçurtdun, gülüm.

İndi xatirədi o gözəl günlər,

Sən ağ kəpənək tək uçurdun, gülüm.

 

Ömrümün payızı gəlib yetişdi,

Bu necə qismətdi, bu necə qədər...

Bir də o sevgiyə dönə bilmərik,

Arzulamaq hədər, diləmək hədər...

 

Sevgi payızında ağ bulud kimi,

Başımın üstündən uçub keçərsən.

Telli durnalara qoşulub bir gün

Uzaq qürbət elə gəlin köçərsən.