Zəka Vilayətoğlu : - Sevirəm dağı da, dənizi də mən

Ədəbiyyat 19:01 / 22.01.2025 Baxış sayı: 276

Sevirəm dağı da, dənizi də mən,

Sevgim ürəyimdə bölünübdür tən.

Bu dağ da vətəndir, dəniz də vətən,

Heyranam Tanrının əsərlərinə!

 

Eşq ilə, duyğuyla bəllidir kimlik,

Dağ, dəniz sevdalı mən deyiləm ilk,

Dağ bir ucalıqdır, dəniz dərinlik,

Ucalıq eşqilə endim dərinə!

 

Dağın yaraşığı çiçək, duman, qar,

Nazla çiçək dərən o vəfalı yar!

Dənizin qoynunda min möcüzə var,

Hər kəs vaqif olmaz onun sirrinə!

 

Xülasə, sevgimin adı dəniz, dağ

Bir də doğulduğum bu Ana Torpaq!

Düşərsə xəzana, saralar yarpaq,

Ruhumla bağlıyam mən hər birinə!