Rafail Inceyurd Ismayilov - Barat Vüsal Yol adamıdı...

YAZARLAR 09:27 / 18.03.2026 Baxış sayı: 172

Barat Vüsal Yol adamıdı. Yol səmtdi, hərəkətdi. Barat Vüsalın səmti var, Barat Vüsal hərəkət adamıdı. Baratın sükunətə yatan şeiri yoxdu. Onun şeirləri dinamikadı. Onun əlini-qolunu yanıına salıb şeir söylədiyini kim görüb? Heç bilmirəm pıçıltıya yatan şeiri var, ya yox. Barat şeirinin mətləbi, məqsədi, məramı sözün siqlətidi, sambalıdı, yüküdü, alt qatının mərtəbəsidi.

Barat məktəbdi. Məmləkətin zaman-zaman ədəbiyyat mərkəzi olan Qazağın Barat dövrü var. Məhsuldar, məsuliyyətli dövr. Üzərə çıxarmağa sözü, sözçüləri olan dövr. Təkcə Qazaxdan deyil, bütün Gəncəbasardandı onun söz dəliləri, sevdalıları, aşiqləri. Uzun illərdi sinəsini qabağa verib yubileylərə, tədbitlərə yiyə durur. AYB-nin zona rəhbəri olmaq elə-belə işdimi? Özü də harda - Qazaxda.

Özəl söhbətlərimizdən bilirəm: Barat mistik adamdı. Barat mif oğludu! Ona kosmik kod yuxulardan ötürülür, qeybdən əyan olur. Barat Vüsalı sona qədər duymaq çətindi. Özü-özünü tam anlaya bilsə, mən də anlamağa çalışaram. Amma çətin!

O boyda enerjini bir kəndə sığışdıra bildi Barat Vüsal. Tutaq ki, on beşi heç. Düz altmış il. Sizə zarafat gəlməsin.

Adına “Əməkdar İncəsənət Xadimi”-ni yaraşdırıblar. Olmasa nə olacaqdı ki?! Nəsimiyə, Ələsgərə Xalq Şairi adını versəydilər və yaxud Məmməd Araza verməsəydilər nə dəyişəcəkdi ki?

Əsas odur ki, Barat – Baratdı. Allah ona 75 yaşı qismət elədi. Bundan xeyli artığını da qismət eləsin. Və bu illərin məsamələrini yenə gözəl şeirlərlə doldura bilsin.

Düz döymü, sən Allah, a Barat Vüsal?!

PS: Şuşada, Vaqifin məqbərəsi önündə seçkin şairlərin, dövlət rəsmilərinin iştirakı ilə keçirilən nəhəng törəndə bir şair bir şeir oxudu. O da Baratıydı. "Şuşanı alan oğullar.." dedi. Dedi və və bütün iştirarşıları ayağa qaldırdı. Şuşanın dağını-daşını, gülünü-çiçəyini, qurdunu-quşunu lərzəyə gətirdi. Telefonun yaddaşına köçürdüyüm o titrək, gur səs Şuşanın açıq səmasını hələ də dolanmaqdadı...