Yadigar Təvəkgul - Sənsiz həyatımın sevinci itib

Ədəbiyyat 17:02 / 02.12.2025 Baxış sayı: 1575

Sənsiz həyatımın sevinci itib,

Ömür əzab çəkir axışlarından.

Həsrət ürəyimin qonağı olub,

Gizlənib alnımın qırışlarında.

 

Sənsiz saclarıma qənim olub dən,

Başımın üstündən getmir duman, çən.

Boynuma ip quryb kirpiklərindən,

Özümü asıram göz yaşlarımdan.

 

Bu payız ömrümdə dumandan-çəndən,

Sənsiz bu günümdən, sənli dünəndən,

Bir ovuç özümdə,bir ovuç səndən

Min bəzək alıram naxışlarından

 

Amansız taledən bir ümid dərsəm,

Qalan həyatımı səninlə sürsəm,

Səni paylaşmağı bacara bilsəm ,

Bir kitab yazardım baxışlarında.