Xatirə Fərəcli : - BAHAR GƏLİR

Təbiət
qonaq gözləyən ev sahibi kimi
tədarükdə,
var-gəldədir
ağacların qarasını çırpıb tökən külək də,
qar yükünü atmış göy üzü bəyaz tül,
buludlar
ağlayıb ürəyini boşaldan adam kimi
yüpyüngül,
oturub elçi daşı üstündə günəş
açılıb eyni,
gözləri yanır bulaqların
eşqə düşən gənc kimi,
qucağı dolu dərələr
qayaların təbəssümünə əzilib-büzülməkdə,
ağaclar düyün–düyün,
qoca ağacların
quruyan budaqları
yaşlanan gözəlin
üzündəki qırış kimi sezilməkdə,
qış uzunu
lüt budaqları dayanacaq yeri seçən
sərçələr
sevincək.
... Demək,
bahar gəlir,
bahar gəlir, demək!