Xanım İsmayılqızı - Yağış qara dillərdən ağa köçür astaca
Yağış qara dillərdən ağa köçür astaca,
Pəncərəmə toxunur kiçicik barmaqları.
Buluddan söz qoparıb elə bir nəğmə qoşur,
Ruhumdakı ağacın rəqs edir yarpaqları.
Bu nəğmə coşub axır sirli navalçalardan,
Köpüklənir yol üstə, dənizinə can atır.
Pişiklərə, itlərə, adamlara sarılır,
Quşların qanadına gözəl həyəcan qatır.
Evlərin, küçələrin səsi qalxır havaya,
Yağışın yaz nəğməsi dilə gəlir içimdə.
Hamı və hər şey birdən bu havaya köklənir,
Notlar üzünü yuyur... Şəhər nəğmə içində.
27 mart, 2026.