Ayaz Arabaçı - Mənim də şəklimi çək...

Ədəbiyyat 10:56 / 27.03.2026 Baxış sayı: 402

Mənim də şəklimi çək,

Bir az süst, bir az yorğun,

Bir az yuxulu ömür.

Şamın içindən çıxan son nəfəs kimi titrək,

Yanıq qoxulu ömür..

* * *

Bir dənizdir, bir də mən,

Bir də ki, martılardır..

Yox, bu səssizlik deyil.

Qəlbimin divarına damar-damar çəkilib,

hopmuş hayqırtılardır..

* * *

Məna yetimliyi var,

Sözdə, ürəkdə, qanda.

Yarpaqların səsini eşitmək istəyirəm..

Yağış damcılarıyla öpüşdükləri anda.

* * *

Üzür məni indidən

vaxtı çatmamış kədər.

Vaxtın damarlarından qan almaq istəyirəm,

Səni sevdiyim qədər.

* * *

Bir albom düzəltmişəm,

sənli xəyallarımdan.

Ah bu yalançı jestlər..

Sənə güzgümsən dedim,

mahiyyətimi göstər..