Təranə Məmməd - Oğurluq

YAZARLAR 20:05 / 27.03.2026 Baxış sayı: 335

 

Uzun illər müstəntiq işləyən Aqil müəllim bu gün çox yorğun görünürdü. O, adəti üzrə cibindən dəsmalını çıxarıb üzünü sildi sonra sənədləri yerbəyer edib evə getməyə hazırlaşırdı ki, telefonuna zəng gəldi. Aqil müəllim dəstəyi götürüb:

- Bəli. Bəli gətirsinlər,- dedi və yenidən masanın arxasına keçib yanına gətiriləcək adamı gözlədi.

Çox keçmədi ki, qapı döyüldü və onun yanına cavan bir oğlan gətirdilər. Aqil müəllim ona təqdim edilən sənədləri gözdən keçirib qarşısında duran oğlana yer göstərdi. Cavan oğlan başını qaldırmadan oturdu.

- Nə baş verib?- deyə Aqil müəllim ilk sualı verdi

- Oğurluq etmişəm

- Harda?

- Kafedə

- Niyə? Nə oğurlamısan?

- Dibçək

- Nə?!

- Gül dibçəyi.

- Ətraflı danış görüm

- Uşaqlarla mərcləşdik. Dedilər ki, hərə kafedən bir şey oğurlasın. Mənə də dibçək düşdü.

- Niyə belə qərara gəlmişdiz ki?

- Nə bilim.

- Necə yəni nə bilim?

- Bilmirəm, rəis, uşaqlıq eləmişəm.

- Bəs necə oldu ki, səni tutub bura gətirdilər?

- Elə dibçəyi götürüb çıxanda yaxaladılar məni

- O boyda dibçəyi aparanda bilmirdin ki, səni görə bilərlər?

- Nə bilim e.

- Oxuyursan?

- Bəli.

- Harda?

- Universitetdə.

- Harda yaşayırsan? Yəni eviniz var?

- Var. Bəli.

- Dedim bəlkə yataqxanada qalırsan.

- Xeyr.

Aqil müəllim oğlana baxıb gülümsədi sonra zəng edib dedi ki, oğlanı sərbəst buraxsınlar.

-Yaxşı, dur get, bir də belə iş etmə. Oğurluq yaxşı iş deyil. Yadında saxla ki....- deyə Aqil müəllim yenə nəsə demək istədi, lakin sözünü özü kəsdi:

- Nə isə... – deyib sağollaşdı.

Cavan oğlan otaqdan çıxdıqdan sonra Aqil müəllim bir siqaret yandırıb otağın həyətə baxan eyvanına çıxdı. O,siqareti çəkə-çəkə fikrə getdi...

70 ci illərin əvvəli idi. Aqil o vaxt universitetin “yurfak” adlanan fakültəsinin birinci kursunda oxuyudu. Bu indiki BDU-nun hüquq fakültəsi idi. Qəribədir ki, o vaxtlar bəzi fakültələr dilimizə məhz rus dilində işləndiyi kimi daxil olmuşdu. Məsələn tarix fakültəsi “istfak,” şərqşünaslıq fakültəsi “vostfak” kimi qəbul edilmişdi.

Aqil dostları və qrup yoldaşları Əsəd və Ramizlə universitetin yataqxanasında bir otaqda qalırdı. Dostlar zahirən bir- birindən fərqlənsələr də söz- söhbətləri tutur və dostluq etməyə onlara heç nə mane olmurdu.

Aqil orta boylu, bir qədər sərt xarakterli, ciddi bir insan idi. O, adətən səliqəli geyinər, özünü cəmiyyətdə son dərəcə mədəni aparardı. Cibində həmişə ütülənmiş tərtəmiz dəsmalı olardı. Hərdən həmin dəsmalı çıxarıb üzünü silərdi.

Əsəd də orta boylu, iri gövdəli cavan oğlan idi. Əsəd o qədər kök idi ki, əyninə nə geyinsəydi kiçik ölçüdə özgə geyimi geyinmiş kimi görünürdü. Əsədin ördək yerişini xatırladan yerişi uzaqdan diqqəti cəlb egirdi. Adətən yeriyəndə boynunu əyib çənəsini bir qədər irəli verirdi. Əsəd təbiətən sakit və təmkinli biri idi. Ramiz də dostları kimi orta boylu idi. Qara kök oğlan idi. Çəkisinin artıq olmasına baxmayaraq, çox cəld və çevik idi. Ramiz adətən danışanda gözlərini bağlayır, sanki içindəkiləri ətrafdakılardan gizlədirdi. Ramizin əyalətdən gəldiyi dərhal hiss olunurdu. Bir qədər laqeyidliyi onu həmişə başqalarından fərqləndirirdi. Ən çətin şəraitdə Ramizin sevimli ifadəsi hamını sakit edirdi. “Ə, nə olsun ey. Noolasıdı ki?”- deyərdi Ramiz tez-tez.

O dövrün tələbəlik illəri indikindən çox fərqli idi. İnternetsiz, mobil telefonsuz tək kitabxanalardan əldə etdikləri məlumatlarla kifayətlənməli olurdular tələbələr.

Maraqlı idi ki,universitetin bəzi fakültələri bir qədər fərqli hesab olunurdu. Yəni müəyyən fakültələrdə oxumaq tələbələrə sanki daxili üstünlük verirdi. Bəlkə elə ona görə hələ tələbə vaxtlarından “yurfakın” tələbələri özlərini gələcəkdə hansısa bir vəzifə sahibi rolunda təsəvvür edirdilər. Belə təəssürat yaranırdı ki, sanki, necə deyərlər,alçacıq dağları “yurfak”ın tələbələri yaradıblar. Aqil və dostları özlərindən bir qədər müştəbeh olsalar da adi yataqxana həyatını yaşayır və hamı kimi gündəlik dərsə gedib gəlirdilər.

O vaxtki yataqxanaların şəraiti hər yerdə təxminən eyni idi. Adətən təmirsiz kiçik və darısqal otaqlarda bir neçə həfər bir yerdə qalırdı. Dostlar belə bir şəraitdə yaşayır və universitetin birinci kursunda oxuyurdular.

Yataqxananın yanında “Kvant” adlı bir kafe var idi. Kafe özünəxidmət üsulu ilə işləyirdi. Yəni burda yemək yeyənlər özləri qabları, çəngəl-qaşığı götürüb sonra yeməkləri gətirirdilər. Bu kafedə adətən tələbələr yemək yeyirdilər. Aqilgil də digər tələbələr kimi çox vaxt “Kvant”da yemək yeyirdilər. Onlar bura o qədər tez-tez gəlirdilər ki, kafedə işləyən Zara adlı qız dostların adlarını da bilirdi.

Günlərin bir günü dostlar dərsdən yorğun gəlib qonşu kafeyə yemək yeməyə getməyə hazırlaşırdılar. Birdən Ramiz dostlarına üzünü tutub:

- Bəlkə otağımıızı qaydaya salaq?- deyə sual verdi.

- O nə deməkdir? – Aqil soruşdu

- Deyirəm, yəni otağımızda boşqab, çəngəl, qaşıq olsa elə hərdən burda da olandan-olmazdan yeyə bilərik. Gərək bu dediklərimi əldə edək,- dedi Ramiz.

- Əldə etmək nə dedməkdir?- deyə Aqil soruşdu

- Belə ki... Yanımızdaki kafedən lazım olanları oğurlamalıyıq.

- Niyə gedib almırıq ki?- deyə Aqil yenə sual verdi.

- Belə daha maraqlıdıır,- deyə bu dəfə söhbətə Əsəd də qarışdı.

- Bəs kim nəyi oğurlayacaq?- bu dəfə Aqil ciddi sual verdi

- Püşk atacağıq,- dedi Ramiz

- Siz dəli olmusunuz? İstəyirsiz adımız çinayətkar kimi çəkilsin? Özü də gələcək hüquqşünaslar!- deyə Aqil dostlarının zarafat etmədiyini hiss edib onları bu yoldan çəkindirmək istədi.

O, əmin idi ki, onin bu sözlərindən sonra dostları bu yersiz oyundan əl çəkəçəklər. Lakin belə olmadı.Qurulmuş plan artıq yerinə yetmək ərəfəsində idi.

Ramiz ağ kağıza “boşqab”, “çəngəl, qaşıq” və “duz qabı” sözlərini yazıb bir qutuya qoydu . Dostların hərəsi bu kağızlardan birini qutudan götürüb ertəsi gün nəyi oğurlayacağıni müəyyənləşdirdi.

Aqilin bu işə əvvəldən münasibəti fərqli olsa da, dost həmrəyliyi onun düşüncələrini üstələdi.

“Yaxşı ki, heç olmsa mənə duz qabı düşüb. Yoxsa mən nə boşqab, nə çəngəl oğurlayan deyildim o kafedən”,- deyə Aqil ürəyində özünə təskinlik verdi.

Hətta kiçik duz qabını da kafedən öğurlamaq Aqil üçün Luvrdan məşhur bir əsəri oğurlamaq qədər çətin gəlirdi.

Beləliklə, gecəni bir təhər yatıb ertəsi gün dərsdən sonra dostlar qonşu kafeyə yollandılar.

Əsədin əlində məşhur estrada artisti Jvanetskinin çantasına bənzər iri dəri çantanı gördükdə Aqil çox təəccübləndi. Çünki Əsəd bu çantadan çox nadir hallarda istifadə edərdi. “Bunu niyə götürmüsən?” soruşanda, Əsəd sakitcə “lazımdı” deyib özünəməxsus asta yerişlə kafeyə tərəf addımladı. Ramizin də əlində bir qovluq var idi. Tək Aqil kafeyə əliboş gəlmişdi.

Bu üç dostun kafeyə girişi məşhur üç muşketyorun saraya gəldikləri məqamı xatırladırdı. Kafedə oturub yemək yeyən digər tələbələrin səs-küyü yeməkxananı bürümüşdü. Dostlar içəri girib üçü də eyni vaxtda kənarda sanki onları gözləyən boş stolun arxasındaki stullara oturdu. Onlar hər şeydən əvvəl yemək yeməliydilər. Əsədlə Ramiz xüsusi fəalliqla əvvəl qab-qacağı sonra da yeməkləri stolun üstünə düzdülər. Aqil stolun üstündə boşqabların, qaşıq və çəngəlin sayının çox olduğunu görüb təəccüblənsə də tezliklə məsələnin nə yerdə olduğunu anladı.

Əsəd bir neçə boşqabı əlindəki iri çantaya yığıb çantanı bağladı. Aqil hiss edirdi ki, bədəninin hərarəti yüksəlir. “Tədbirin” müəllifi Ramiz də çəld bir neçə çəngəl və qaşığı əlindəki qovluğa qoydu.

“Bunlar elə oğruymuşlar ki!”- deyə Aqil öz-özünə təəccübləndi.

Dostlar ikisi də gözlərini ona dikib oturmuşdular.

- Nə olub ?- deyə Aqil, soruşdu

- Nə olub deyəndə ki,duzumuz qaldı da bir dənə,- deyə Ramiz dilləndi

- Bəlkə düzsüz yeyək? – deyə Aqil bu bəd əməldən geri çəkilmək istədi.

Lakin dostlarının bu cür “fədakarlığından” sonra bir duz qabı nə idi ki onu götürməsin. Odur ki, Aqil, stolun üstündəki iri, ağzı açıq duz qabını götürüb çəld pencəyinin cibinə qoydu.

O an Aqilə elə gəlirdi ki, onun bu hərəkətindən nəinki bütün universitet, bütün Bakı, hətta bütün qohum əqrabası da xəbərdardır. Aqilin saçlarından axan tər üzünü yandırırdı.

- Gedəkmi?- deyə Aqil kafedən nəhayət tez çıxıb getmək istədiyini bildirdi.

- Niyə? Nə olub ki? Yeməyimizi yeyək, gedərik də, – deyə Ramiz etiraz etdi.

Aqil hiss edirdi ki, üzündən tər axır. O, indicə duz qabını cibinə qoyduğunu unudub əlini cibinə saldı və yaylığını çıxardıb üzünü silməyə başladı. Duzlu yaylıqla üzünü sildikcə üzünün dərisi duzdan həm ağarır həm də qızarırdı. Dəsmalın arasından tökülən duz dənəçikləri Aqilin təzə tikilmiş qapqara pencəyinə səpələnirdi. Kənardan bu mənzərə o qədər qəribə görünürdü ki, kafenin işçisi,həmişə tələbələrlə mülayim davranan Zara dözməyib

-Aqil! Sənə nə oldu? Üzünə nə olub?- deyə təəccüblə soruşdu.

Əgər o anda Zara Aqili ordaca gülləylə vursaydı bəlkə bu qədər ona təsir etməzdi . Amma indi, bu halda bu qızın yersiz sualı Aqili çöx əsəbiləşdirdi.

“Görmürsən nə olub? Duz qabını sizin kafedən oğurlayıb cibimə qoymuşam, indi də üzümə yaxmışam!”- demək istəyən Aqil, təbii ki, özünü bir təhər saxlayıb qıza cavab vermədi.

Dostlar da ona təəccüb və heyrətlə baxıb bərkdən güldülər. Sonra hər üçü ayağa dürüb kafedən elə gəldikləri təntənəylə də çıxdılar.

Aqilin üzünə hava dəydikçə sifəti daha da qızarırdı.

Bu hadisə hər üç dostun yaddaşında ömürlük qaldı. Yataqxanaya qayıdandan sonra onlar etdikləri oğurluğa gülsələr də söz verdilər ki, bir daha belə zarafat etməyəcəklər.

Sonralar dostlar nə qədər fikirləşsələr də niyə belə zarafat etdiklərini heç cür izah edə bilmirdilər. Bu hadisəni dostlar uzun illər yada salıb gülür və hər dəfə də ötən günlərə heyfsilənirdilər.

Aqil müəllim siqareti söndürüb külqabına atdı. Sonra dərindən ah çəkib otağa keçdi. O, bir qədər düşündü və ürəyindən dostlarına zəng edib həmin günü bir daha xatırlatmaq keçdi.

lakin bunu edə bilmədi. Çünki dostları artıq həyatda yox idilər.

O, sakitcə cibindən yaylığını çıxarıb yaşla dolmuş gözlərini sildi...