Aləmzər Sadıqqızından  ÜÇ ŞEİR

Ədəbiyyat 10:15 / 27.03.2026 Baxış sayı: 409

Sənsiz ölümmü...

Yenə yağış yağır yenə könlümə,

Bir dəli darıxmaq , ağlamaq düşüb.

Səni ürəyinlə, səni ruhunla,

Bu yazıq könlümə bağlamaq düşüb.

 

Gəlmədi ömrümə sən adlı biri,

Yağan yağış oldun, əsən küləklər...

Bir dəli sevdaya yatan könlümü,

Həmişə oxşadı zərif çiçəklər.

 

Durub uşaq kimi mən bu yağışda,

Gotürüb Aləmi sənə gəlimmi?

Sənsiz sevmədiyim gözəl dünyanı

Silib ürəyimdən sənsiz ölümmü?

.

27.3.2026.

Tapa bilmirəm...

Elə çarəsizəm,elə dərbədər,..

Özüm öz əlimdən tuta bilmirəm...

Könlümün kələfi elə üzülüb..,

Heç ipə,sapa da yata bilmirəm.

 

Özümdən qaçıram, özümə tərəf..,

Sözümdən gedirəm, sözümə tərəf...

Gözümdən yaş süzür gözümə tərəf...

Neynim ki,mən səni ata bilmirəm.

 

Hər tərəf pərişan,hər tərəf kədər...

Ömrümü yolunda vermişəm hədər...

Ömrün əvvəlindən sonuna qədər...

Mən səni gəzirəm,tapa bilmirəm.

Öz başım özümə baş daşı elə...

Özüm özüm boyda məzaram belə...

Ömrüm çaya dönüb,göz yaşım selə...

İçində böğulub,bata bilmirəm.

 

Aləmin başına yağan qarı var...

Ömrün payızında yaz nübarı var...

Könlümün sən adlı bircə yarı var...

Səni özgələrə sata bilmirəm!

 

Ölüm olmasın...

 

Bu gündən özümü atıram oda....

Qoy elə yanım ki, külüm qalmasın.

Arzu çiçəklərim çoxdan yanıblar...

Qoy ümid adlı da gülüm olmasın!

 

Özüm öz içimdə nələr çəkirəm...

Könlümə sən adlı qəmi əkirəm...

Yalan danışıram,yalan gülürəm...

Düşməni güldürən çölüm olmasın!

 

Durum yollarında baharın olum...

Ən gözəl xatirən, sabahın olum...

Qoy dönüm torpağa yolların olum...

Yolunda döngəlik-dönüm olmasın.

 

Hər sabah diz çöküb dua edərəm...

Aləmin bağrına daşı hörərəm...

Ayrılıq adında dərdə dözərəm...

Təki aramızda ölüm olmasın!