Ağacəfər Həsənli -ŞLYAPALI PERSONAJ
Hərbə-zorbası ilə dırmaşmışdı yuxarı,
biganəlik taxtından endi üzü aşağı.
Bəyəmirdi ətrafı, məramının axırı
ad sanını qaldırmaq - "qoymaq dağ üstdə dağı".
Ürəyində hamını baltalamağa hazır–
bu zalım cəmiyyətdə qoymamışdı üz yeri.
Tədbirlərə yolunu salırdısa... ən azı,
şlyapasının vardı asılqanda düz yeri.
Həmin şan-şöhrətinin kölgəsində batardı,
altdan-altdan baxardı qızıl qol saatına.
Tərifin məzənnəsi yüksək həddə çatardı,
güya ki, istəməzdi, minərdi cin atına.
Vay o günə məclisdə hərdən dəm danışanda,
Qulaq kəsilərdi el çərənçinin səsinə.
Haqqındakı xoş sözü birdən kəm danışanda,
girişərdi cümlənin təkrar redaktəsinə.
Balaca bəstə boyu meydanı susdurardı,
odu rahat söndürər, oynayardı külüylə.
Astagəlliyi çox vaxt şeytanı azdırardı–
ilanı yuvasından çıxarardı diliylə.
Gördüm bu personajı, hayı-küyü ötmüşdü,
gözlərini örtmüşdü çopur ətli sifəti.
Keçmiş gündəliyini yəqin yan ötürmüşdü,–
arxivi gizlətmişdi təlatümlü sifəti.