Əşrəf Veysəlli - DÜNYA GÖZƏLDİR
Ədəbiyyat
10:00 / 27.03.2026
Baxış sayı: 424
Həlim dünya, sərt dünya,
mələk dünya gözəldir.
Hər açılan sabahı—
çiçək, dünya gözəldir.
Açıldıqca solmayan,
bir kimsəyə qalmayan,
bərabəri olmayan,
bu tək dünya gözəldir.
Ey könül uşaq olma,
dərdindən uzaq olma.
Üzünə çox ağ olma,
əl çək, dünya gözəldir.
Elə ki dan sökülər,
üzündən nur tökülər.
Mən ağlaram,.. o, gülər,
demək, dünya gözəldir.