Xanım İsmayılqızı : - Heç nəyi ciddiyə alma, hər şey qeyri-ciddidir.

Ədəbiyyat 09:37 / 21.05.2025 Baxış sayı: 1423

Heç nəyi ciddiyə alma, hər şey qeyri-ciddidir.

Olum ilə Ölüm belə qeyrinin sərhəddidir.

Heç nəyi ciddiyə alma, bu gün gedir dünənə.

Ürəyin döyünsə belə ağrı vurur sinənə.

Heç nəyi ciddiyə alma, dost da, düşmən də - satan.

Sənə ömür bəxş edənlər -

Səni dünyaya atan.

Heç nəyi ciddiyə alma, nə səhəri, gecəni.

Elə bir məkandasan ki, ciddi görmürlər səni.

Heç nəyi ciddiyə alma, sevgi də gəlir, gedir.

Yaşadığın bu dünya da O dünyadan kölgədir.

Heç nəyi ciddiyə alma, ciddi olmaq qorxudur.

Elə hesab et ki, hər şey gözə girən yuxudur.

Heç nəyi ciddiyə alma, ömür bir zarafatdır.

Bu zarafatın içində, qeyri-ciddi - həyatdır.

Heç nəyi ciddiyə alma, sən də baxıb keçənsən.

Bu dünyanın yaxasına nişan taxıb keçənsən.

Heç nəyi ciddiyə alma, hər şey qeyri-ciddidir.

Ölüm ilə Olum belə qeyrinin sərhəddidir.