Vəli   Xramcayli- Xramçayın sahilində

Ədəbiyyat 10:58 / 15.10.2026 Baxış sayı: 524

 

Bu çay mənə körpəlikdən tanışdı,

Pıçıltısı dünənimdən danışdı,

Sinəm üstü körükləndi, alışdı,

Keçən günü keçirdikcə gözümnən.

 

Səhər tezdən sahilində bitərdim,

Dalğasında gizlənərdim itərdim,

Sinə gərib dalğasını ötərdim,

Sevinc, fərəh tökülərdi üzümnən.

 

Ürəyimdə təkcə bu çay yaşardı,

Hər yaz ağzı qəzəblənib daşardı,

Sıska gördüm, gözüm, könlüm yaşardı,

Dərin yerlər aşağıydı dizimnən.

 

Qızıl qaya karıxmışdı elə bil,

Sınıq-körpü sınıxmışdı elə bil,

Buraxmırdı darıxmışdı elə bil,

Oxuyurdum hər daşının üzündən.