Qəşəm Nəcəfzadə - Son şeir

Ədəbiyyat 09:50 / 15.10.2026 Baxış sayı: 614

 

Bir yerim olsaydı, küsüb gedərdim,

Köpəyoğluyam bir də qayıtsam geri.

Ay, Ay, işığını nərdivan eylə,

Çək məni yanına, ağlat bu yeri.

 

Bunun çayına da, dənizinə də,

Suyuna, qumuna, pişiyinə də,

Lap məsçidinə də, kilsəsinə də,

İsaya da, Musanın əsasına da

Saqqalısına da, kosasına da,

 

Əlvida deyibən şüa içində,

Qızdırma içində çıxıb gedirəm,

Amma bir ev var ki, pəncərəsindən,

Xəlvətçə o evə baxıb gedirəm.

 

Görmək istəmirəm sifətimi də

Şəklimi versələr, cırıb ataram.

Ağrıdır canımı, ev-eşik, yastıq,

Başımı buluda qoyub yataram.

 

Şeir xasiyyətimi unutdum daha,

Bu gündən qələmi tuturam topa.

Hər şey uydurulub oğul, qız, nəvə,

Hər şey uydurulub ana və ata.

 

Durub məndən ötrü ağlayan qadın,

Həyatın ən qəddar təşbehi sənsən.

Görən kim uydurub sənin ərinəm,

Görən kim uydurub sən sevgilimsən?

 

Şeir də yalandı, kağız yanırsa,

Yaddaş pozulursa, səslər sönürsə.

Dünyanın ən gözəl adamı gəlib,

Gözün görə-görə birdən ölürsə...

 

Guya ki, deyirlər oğlumsan mənim,

Nə sənə atayam, nə də qızıma.

Ürəyimdən çıxan bu son şerimi,

Atıram küçədə itin ağzına