Ramiz Qusarçaylı - Şeirdən uçdu bülbüllər
Şeirdən uçdu bülbüllər
Yerinə qarğalar gəldi.
Ağ atlı oğlan nə gəzir,
Nağıldan qarğılar gəldi.
Ruh daşındı bazarlara,
Can yoluxdu azarlara,
İstedadlı yazarlara
Tələlər, qurğular gəldi.
Şər suvardı pir gülləri,
Kin sovurdu tər gülləri,
Silib nöqtə-vergülləri
Durğusuz durğular gəldi.
Dibçəklərə qondu yazlar,
Ən baş oldu ən dayazlar,
Mənimsəndi imtiyazlar,
Arxalı oğrular gəldi.
Güldülər türkəm deyənə,
Azıxam, Ərkəm deyənə,
Vətənə Məkkəm deyənə,
Məsciddən sorğular gəldi.
El ayırdı el bir olan,
Toz böyütdü xəlbir olan,
Xəyanətlə əlbir olan
Divanlar, yarğılar gəldi.
Ya intihar, ya da çəpik,-
Bir bəladı,-
lirik, epik...
İnfarktın biri bir qəpik,
Çox baha ağrılar gəldi...
Üzlərdə boya birliyi,
Gözlərdə röya birliyi,
Sözlərdə riya birliyi,
Nə qolay qovğalar gəldi.
Şeirdən uçdu bülbüllər
Yerinə qarğalar gəldi...