Məmməd Araz - TANRIM, MƏNİ MƏNDƏN QORU
Tanrım, məni məndən qoru bu yaşda:
Hər döngəyə döndərməyim döngəmi,
Boyaqçıdan borc almayım rəngimi,
Zurnaçıya pay verməyim cəngimi...
İnsana yad insanlığım göyərsə,
Yaxşı şumda yamanlığım göyərsə,
Köhnə kösöy şeytanlığım göyərsə,
Tanrım, məni məndən qoru bu yaşda.
Döyülməkdən əyilməyim qorxulu,
Bir qədəhdə əriməyim qorxulu,
Bir ipliyə əyrilməyim qorxulu,
Tanrım, məni məndən qoru bu yaşda.
Ağıla hay ulduz axdı, ay axdı,
Ağılsız baş gödənçiyə ayaqdı.
Bədəməl də ha çeynədi, ha yaxdı,
Tanrım, məni məndən qoru bu yaşda.
Bu dəyirman: nahaqqı dən, haqqı dən,
Bölən böldü: nahaqqı tən, haqqı tən,
Nahaqqa tən olan yerdə haqq itən...
Tanrım, məni məndən qoru bu yaşda.
Birdən qəfil yada gəlsə: Dahilik!
İçimdən bir səda gəlsə: Dahilik!
Vay odu ki, əda gəlsə: Dahilik!
Tanrım, məni məndən qoru bu yaşda.
Birdən çaşam; "yeni dəbdi" - desələr,
Hırıltıya: "nə qəh-qəhdi" - desələr,
Qırıltıya "nə cəh-cəhdi" - desələr...
Tanrım, məni məndən qoru bu yaşda.
Tapqır bildim, quşqun bildim yaltağı,
Alçağa da alçalan gör alçağı.
Ağlamalı bir məqamdı çal-çağır!..
Tanrım, məni məndən qoru bu yaşda...
Bəla budur: dəmli ola bu dəsgah,
Sonra ipək mənni ola bu dəsgah,
Sonra məzar yonlü ola bu dəsgah...
Tanrım, məni məndən qoru bu yaşda.
(1986)