Qəşəm İsabəyli - QAZAX POMİDORU

YAZARLAR 08:45 / 15.10.2026 Baxış sayı: 580

 

Yay ki, oğrun-oğrun burnunu göstərməyə başlayır, ayağım açılır “Meyvəli”yə – çöllər gözəli “Qazax pomidoru”nun sorağına çıxıram.

Adının əvvəlinə haqlı-haqsız “Qazax...” sözünü qoysalar da, insafən onun Qazaxdan heç xəbəri də olmur. Ağstafalılar əkib-becərib, daşıyıb tökürlər Bakı bazarlarına. Hər dəfə ətdi-mətdi-ləzətdi bu gombul “gözəl”i əlimə alanda, üzümə işıq düşür. Ağzımın suyu şoraba olur, desəm, inanmayın, amma... nə deyəcəyimi arif adamlar bilməmiş olmaz.

Şərq alimləri bazara-güzara az-az getməyi məsləhət bilsələr də, mənim ən çox üz tutduğum yer elə “Meyvəli” olur. Üzdən də olsa pomidor satanlar məni yaxşı tanıyır, mən də onları. Amma bir dəfə, həmin bu bazarda çox da təmtəraqlı olmayan taxta qutulardakı pomidorlar diqqətimi çəkdi. Əvvəl bu gözəllərə baxdım, sonra da yanında duran, tanımadığım orta yaşlı xanıma. Göz-gözə gələndə alverçi ədasından çox, xəstə balasını həkimə göstərən ana kimi dilləndi:

–Bizdən də alın...

Bir qədər aralıda dağ kimi qalanmış pomidor qutularının arasından mənə təhdidedici nəzərlərlə baxan köhnə tərəf-müqabilimin zəhmindən çəkinmədim:

–Neçəyədi, bacı?!

–Təki alın.

–Qaşı-gözü olmur ki, almağın. – Arabaçıya göz elədim. Tez iki qutunu seçib qoydu tərəziyə. Hesabı kəsib, hətta xanımın adını da öyrəndim, telefonunu da.

–Neçə yazdı bu pomidorun şitilindən alıb əkmək istəsəm də, bir adam da gətirmir, – dedim.

–Bu il kecdi, gələn il Bəsdi bacın sənə şitil gön¬dərər...

Düz doqquz ay sonra Ağstafadan zəng gəldi:

–Qardaş, axşam avtovağzala dəy, iki yüz şitil göndərirəm sənə...

–Bəsdi bacı, adın qədər göndərəydin gərək, iki yüz çoxdu.

–Danadişi kəsəni, çor vuranı... tor tutanı... alma satan... qoz satan... Hələ ək, görək, nə qalır torpaqda. Üç manat verərsən sürücüyə, dalıyca da... adımı...

–Yox-yox, dərmandı, şitildi, ağac tingidi... pulunu verməsəm götürmürəm.

–Niyə?

–Bitməz.

–Yetim malıdı bəyəm?! Alnımın təriylə becərmişəm.

Axşama yaxın avtobus gəldi.

***

Aylar ötdü...

Bir gün yenə də “Meyvəli”yə getmişdim. Gördüm bir qadın bir yığın göyəm qutusunu qoyub qabağına, çıxdaş eləyir.

–Neçəyədi? – soruşdum. Nə cavab verdiyini anlamadım, amma əlimlə baxdım ki, göyəm bir az ötüb. – Pomidor satanlar nədənsə gözə dəymir.

–Hələ tezdi.

–Bir Bəsdi bacı var, mənə bu il xeyli şitil göndərmişdi.

–Əkdiniz?

–Çox idi... əkdim. – yenidən əyildim göyəm qutularının üstünə. Birdən telefonuma zəng gəldi. Ordan aralanıb, əlimi sürüşdürdüm ekrana. – Salam, salam, Bəsdi bacı! Nə var-nə yox, necəsiniz?! Adını çək... deyiblər. İndicə bir qadınla sizin haqqınızda danışırdım. Xeyirxahlığınızdan danışırdım.

–Soruş, gör, məni tanıyıb eləyir bəlkə?!

–Bu dəqiqə... – Çevrilib göyəm satan qadına tərəf gəldim, telefon qulağındaydı, məni görüb, gülümsədi.

–Xanım, Bəsdi bacını tanıyırsınız?!

–Ay saqqalı ağarmış, özümü də tanımıram?!

–Nəəə?!... Bəsdi bacııı?! Sən idin indi mənimlə danışan?! – Bir xeyli güldüm.

–Şitillərə gübrə ver, solmasın.

–Pomidoru nə vaxtı gətirirsən?

–“Allah qoysa” de!

***

15-20 gün keçməmiş yenidən “Meyvəli”yə çevirdim maşının ağzını. Gördüm bir kişinin qarşısında beş-altı qutu pomidor var.

–Bazar olsun!

–Çox sağ olun. Keçən il də sizə pomidor satmışdım.

–Hardansan, nəsə yadıma sala bilmirəm?

–Yarı yerazam, yarı Salyanlı.

–İkili vətəndaşlığın ziyanı dəymir ki, sənə?

–Nə ziyanı, xeyri dəyir hətta. Salyanlı görəndə “Salyanlı” oluram, yeraz görəndə isə – “yeraz”. Deyin, görüm, nə qədər alacaqsınız mənim bu əvəzsiz likopenimdən? Prostatın bundan yaxşı dərmanı yoxdu. Gündə birini yeyin, nuş canın olsun, görün necə sağaldır sizi! Buyurun bu qutuları götürün, götürün, qəhvəyidi.

–“Bəsdi” dedin, Bəsdi bacı yadıma düşdü.

–Allah şəfasını versin!

–Necə yəni?!

–Ağır xəstədi, özü də çox ağır. Bəlkə də son günlərini yaşayır!

–Bu nə deməkdi?! Bir ay qabaq burda görmüşdüm onu, göyəm satırdı!

–At ölüncə otlayar, deyiblər. Göyəm də onun gününü göy əskiyə bükdü. Xeyli ziyana düşdü.

Ürəyimdə, bunun danışığına bax, dedim. Yəqin öz pomidorunu işə keçirtmək üçün Bəsdi bacıya xəstəlik yaxır. Qəribə insanlar var dünyada, vallah...

Pomidor qutularını maşına qoyub, gətirdim evə.

Seçib ayıranda gördüm ki, bir xeyli əziyi, çürüyü var içində. Gül kimi arvadı xərçəng xəstəsi edən bundan artıq olmaz ki!

Sonralar “Meyvəli”yə yolum düşəndə onu görən kimi yolumu dəyişirdim.

Bir gün də Rövşənə rast gəldim.

–Pomidorun var?

–Maşın yarım saatdı ki, gəlib. Zoğal qutularını

boşalt¬sınlar ki, pomidorun da yolu açılsın.

Birdən Bəsdi bacı yadıma düşdü:

–Nə əcəb gəlmir Bəsdi bacı görünmür?

Rövşən mat-mat üzümə baxdı:

–Bəsdi bacı? Bəsdi bacı nə gəzir?!

–Necə yəni?!

–Az qalıb qırxı da çıxa. Yazığın qalmağa evi də yox idi. Hətta Rusiyaya, Türkiyəyə də getmişdi, əli gətirmirdi.

–Nə idi xəstəliyi?

–Nə olacaq, zəhrimardan?!

–Heç oxşamırdı.

–Kasıb olsa da, gözü tox idi. Birimizə də dərdini açmadı. Sanki qorxurmuş, ona kömək eləyərik. Son nəfəsində deyib: “Görünür mən doğulmalı deyiləmmiş! Kiminsə yerinə doğulmuşammış. Ona görə də Allah məni xoşbəxt eləmədi...”. İndi rahatam. Heç olmasa gordan evə gedirəm. Bundan sonra çapalamaram daha!”

01-06.10.2026