Əlisəfa Azayev : - ÖVLADLIQ MƏSƏLƏSİ
Fətəlini rayonda bu qədər savadsız, sadəlövh adam kimi tanıyırdılar. Yeddinci sinfə kimi təhsil almış, sonra da usatlıqla məşğul olmuşdu. Cəbhə hakimiyyəti vaxtı bəyə yaxın, öncüllərdən idi. Dediyi sözün dalı-qabağı olmazdı. Hətta arada bazarkom olmuş, qəsəbə sovetinə rəhbərlik etmişdi.
Özü adi neftçi olsa da, nədənsə onun işləri həmişə tərs gətirir, bir tərəfə çıxa bilmirdi. Nəinki özünün, ailəsinə məxsus atasının pulunu xərcləsə də, yenə həmişə ehtiyac içində yaşayardı. Arada uşaqların himayəyə verilməsi söhbəti ortalığa çıxdı. Həyat yoldaşı ilə bunu müzakirə edəsi oldular. Qadın dedi:
- Odey qonşu indidən nəvəsini keçirib adına! Öləndən sonra o qədər pensiyasını nəvəsi alacaq. Düz on səkkiz yaşına kimi.
Fətəli mızıldandı:
- Hə bu qanundu da. Oxuyacaqsa, tələbə olacaqsa, iyirmi üç yaşına kimi ala bilər.
Pərcahan onun bu sözlərindən şən halda dilləndi:
- Onda tez elə də... Bacıların başa düşsələr, heç bizə imkan verməyəcəklər.
- Qoy kişi ilə bir söhbət edim də, görək nə deyir.
- Nə deyəcək ki?! Onun qayğısına qalan, təmizliyinə baxan biz deyilik?!
- Yenə başladı da. Səninlə qalır, borcundu da. Onun aldığı yüksək əmək haqqını bacılarım yox, sən xərcləyirsən.
Məmmədəli kişi, həqiqətən də, neftin ağır sahəsində işləyir, yaxşı əmək haqqı alırdı. Qarmacı idi də. Hərdən onlara içməyə süd, əlavə əmək haqqı, güzəştlər də olurdu...
Bu barədə söhbət düşəndə, kişi səhər yeməyi yeyirdi. Əlindəki çay dolu stəkanı yerə qoyub, fikirli halda dilləndi:
- Ax cavanlar, ax cavanlar! Biz bir vaxt öz uşaqlarımızı saxlamaqla, böyütməklə fəxr edərdik.
Oğlan vaysındı:
- Nə edək ki?! İndi zəmanə başqadı da. Dolanmaq olmur.
- Qurduğun hökümətdi...
- Ay tövbə... Biz belə hökumət qurmamışdıq. Onlar hər şeyi zəbt edib, ələ keçiriblər.
Kişi onu bu sözlərinə görə qınadı, tənbeh elədi:
- Ə kəs, ağzına gələni danışma. Evdə bir arvada rəhbərlik edə bilmirsən. Axşam nə pıçıldayıbsa qulağına, səhərdən dəng eləmisən məni.
Bir sözlə, Fətəli güzəştə gedənə oxşamırdı. Axırı Məmmədəli kişi əlacsız qalıb, onunla razılaşası oldu. Yolda sözləri lap çəpləşdi, düz gəlmədilər:
- Hara gedirsən, ay oğul?
- Məhkəməyə də...
- Məhkəməyə niyə? Bu övladlığa vermə məsələsinə icrada, komissiyada baxılmır?
- Daha yox, a kişi... İndi bu səlahiyyəti məhkəməyə veriblər.
- Belə nə üçün... Asanlaşdırmaqdan, daha da qəlizləşdiriblər ki...
- Yağlı tikə üstündə mübahisə edənlər çoxdur da...
- Ağılsız adamlardı da...
- Sən onu demə... Gələcək üçün lazımdı.
Kişi daha susdu, cavab vermədi. Bilirdi ki, oğlu bir o qədər dərin qabiliyyət sahibi deyildi. Heç nədən üzünə ağ olar, camaat arasında hörmətsiz olardı. Cəbhə vaxtı da aralarında belə söhbətlər çox olardı. Ona deməkdən yorulmazdı ki, ehtiyatlı ol, küyə getmə, bu günün sabahı da var... Hakimiyyətdən gedəndən sonra bir müddət qaçıb aradan çıxmış, Moskvaya toplaşmışdılar. Halbuki bir vaxt həmin şəhəri, Sovet hökumətini bəyənmir, lənətləyirdilər. “Qırmızı terror” deməkdən dilləri qabar olmuşdu.
Düzdür, Sovet hakimiyyəti vaxtı ilə hər şey qaydasında olmamışdı. Ancaq da indi siz hakimiyyətdə idiniz də. Nə etdiniz, nə yaratdınız? “Partokratları” vəzifədən qovmaqdan başqa iş-gücünüz olmadı. Halbuki onlar savadlı, təcrübəli kadrlar idi. Onlardan yaxşıca yararlana bilərdiniz.
Sonralar böyük bəy də çıxışlarında bunu desə, etiraf etsə də, artıq gec olmuşdu. Qısa bir müddətdə gördüyü işlər, buraxdıqları nöqsanlar camaatı elə hiddətləndirmişdi ki, onları müdafiə edən olmadı. Gündə bir rayon düşmənə təslim edilməkdə idi...
Məhkəmənin həyətində sakitlik idi. Bir azdan gözə adamlar dəyməyə başladı. Kişi dedi:
- Birinci biz gəlmişik də...
- Hə...
Dəftərxana müdiri gəlişlərinin məqsədi ilə maraqlandı. Dilləndilər:
- Elə bir balaca işimiz var.
- Bu övladlıq məsələsi ilə əlaqədar.
Qadın kişini qınadı:
- İş tapmırsan da... Uşağını özü saxlaya bilmir?!
- İndi vəziyyət çətindi də...
- Bir də ki, bu hamıya şamil deyil ki...
Fətəli mızıldandı:
- Hər halda istisnalar olar da. Veteran adamdı...
Katib dilxor halda başını buladı:
- Kağız yazmaqdan əlim qabar olub. Sudya da hər işi icraata götürür...
Qocaman neftçi gülümsədi:
- Bunun fikrini eləmə... Təki xeyir iş olsun. Borclu qalmarıq... Sənin o kağızının da pulunu verərik.
- Yox ey...
- İstəyirsən lap bu dəqiqə alıb gətirsin... O nə olan şeydi ki?!.
Kişi cibindən pul çıxarıb, oğluna vermək istəyirdi ki, hakimin gəlişi hər şeyi korladı. Hakim qımışdı...
- Belə pullusuz?...
Katib lap daha çox pərt olmuşdu. Dəftərxana müdiri necə də sevincək olmuş, gülümsəyirdi. Kişi isə hakimin yanından pərt halda çıxdı:
- Deyir ki, mümkün deyil... Bir səbəb yoxdur...
Oğlu o an gileyləndi:
- Necə yəni mümkün deyil?!. Başqalarına mümkündü bizə yox?
Həyat yoldaşı da ağrındı:
- Belə iş olar?!. İş-gücünü buraxıb bura gəlmişəm ki, razılıq verim, məsələ həll olunsun. Bu da deyir ki, mümkün deyil. Bəs bu veterana qoyulan hörmət harada qaldı?!.
- Ağəz, söz danış mənə... Bu cəmiyyətdə kimə hörmət var ki, veterana hörmət olunsun?!.
Kişi bu haqsızlığa dözəmədi:
- Yaxşı, səbirli ol... Veterana hörmətə qalanda, indi çox yaxşıdı. 9 May – Qələbə günümüzü də ləğv etmişdiniz. Özümüzü də “nayomnik”, muzdlu adlandırırdınız.
- Yaxşı-yaxşı, dərdin açılmasın. Əsas məsələdən danış...
- Daha nə danışacaq, deyir ki, mümkün deyil də... Əsaslı bir səbəb yoxdur.
- Nəvən deyil?!.
- Babasıyam ey... Ancaq onu mənim himayəmə vermək üçün bir səbəb tapmır.
Fətəli sanki bir anlıq özünü cəbhə günlərində hiss etdi. İlhama gəlmiş kimi dedi:
- Yox, mən bu işi belə qoya bilmərəm. Özüm hakimin yanına gedəcəyəm.
- Get də...
Onunla söhbət də bir fayda vermədi. Hakim dedi:
- Niyə başa düşmürsünüz?! Bir ailədə yaşayırsınız. Atanın sənin oğlunu övladlığa götürməsinə heç bir lüzum, əsas görmürəm.
Həyətdə gəlinin narazı səsi eşidildi:
- Belə də iş olar?!. Bu dünya düzəlmir ki, düzəlmir də. Qoşuya olar, bizə olmaz. Ona görə ki, pulumuz, adamımız yoxdur.
Əri ona acıqlandı:
- Sən sakit, kişi... Elə bilirsən bu işi belə qoyacağam?!. Hakimə bax ey, başqa vaxt mənimlə ikiəlli görüşər, xoş dillə dindirər, pürrəngi çay gətizdirər, düşəndə cibinə pul qoyardı... İndi isə elə bil ki, məni tanımadı... Heç oturmağa yer də təklif etmədi...
- Qudurublar da...
- Onu elə düz deyirsən... Quduran isə heç qırx gün də getməz.
Kişi yenə də haqqı, nahaqqa vermədi. Dilləndi:
- Sizin kimi...
Oğlu qeyzləndi:
- Ey... Sən də... Biz nə etmişdik?!. Bizim hesabımıza müstəqil olmadınız?! Rus qoşununu buradan biz çıxartmadıq?!.
- Ağılsız fikir, hərəkətdi də... Odur ki, cəbhədə, erməni ilə üz-üzə silahsız, yaraqsız qaldıq... Təbii proses idi də, guya biz müstəqil olmayacaqdıq?!.
Oğlu hakimin bu hərəkətlərindən qeyzlənmiş halda dedi:
- Hakimi nə qınayım imtiyazlı adamdı da...
Səslər eşidildi:
- Əvvəl bəylərə, xanlara yarıdılar...
- Sonra da qraflara, baronlara...
- Daha sonra imperatorlara...
Biri isə lap ağ elədi:
- İndi də başçılara...
Hakim bu sözləri eşidib, narazı qalsa da, daha bir söz demədi. Öz-özünə gileyləndi, mızıldandı: “Lap yaxşı elədin... Sənin işin düzəldi...”
Fətəli savadsız olsa da, helimli idi. Zəmanənin nəbzini tutmağı bacarırdı. Yenə də artistcəsinə özünü başçının qəbuluna saldı:
- Manaf müəllim, bizim xidmətlərimizdi də... Hazırına nazir olublar... Elə biri hakim... Bizim işə baxmır...
Başçı məsələdən agah olan kimi dedi:
- Sən bu yazı-pozunu, şikayətini saxla... Onsuz da belələrinin əlindən dəng olmuşuq. Mən hakimə deyərəm...
- Elə onda indi de də... Zəng çalın da...
Başçı əlacsız qalıb hakimə zəng çalası oldu:
- Hakim, bu Fətişi tanıyırsan da?!
- Fətəlini?..
- Hə... Bu bicbalanı deyirəm də... Anası göyçəyi...
- Xalasının göyçək olduğunu bilirdim, anasının yox...
- Nə isə, ona bir kömək edin də...
Onlar telefonda bir xeyli beləcə söhbətləşdilər, mübahisələşdilər. Deyəsən, hakim sözünün üstə durur, təslim olmaq istəmir, inad edirdi. Axırda başçı dedi:
- Daha sənsən də... Dur get... Köməklik edəcək...
Fətəli içəri girəndə hakimi lap pərt halda gördü. İcra qrupunun rəhbəri də yanında idi. Dedi:
- Cənab hakim, təkid etmirəm... Alınmırsa, qoyun qalsın.
İcra qrupunun rəhbəri də dilləndi:
- Hə də, adam ölümü deyil ki. Hakimi niyə pis vəziyyətdə qoyasan. Vaxt olar, yenə də müraciət edərsiniz də.
Atası dilləndi:
- Daha gəlmişik də... Həmişə gəlmək olmur. İş adamıyıq...
Hakim vəziyyəti görüb, güzəştə gedənə oxşadı. Bir tərəfdən də başçı zəng çalmışdı axı, yaxşı deyildi...
Beləcə hər şey həll olundu. Məhkəmə qətnaməsi elan olundu. Nəvəsi onun himayəsinə verildi. Guya ki, uşaq balacalıqdan elə onlarla bir yaşayıb, indi ayrı yaşaması mümkün deyil. Hədsiz qəm-qüssədən xəstələnə, ölə bilər...
Məhkəmə qərarından heç bir həftə keçməmişdi ki, aləm bir-birinə qarışdı. Uşağına verilən pulun kəsilməsini bilən gəlin məhkəmənin həyətində əsl tamaşa göstərərək, çığıra-çığıra deyirdi:
- Buz baltası kimi kişidi... Kim bilir ki, nə vaxt öləcək... Ona kimi mən uşağıma uşaq pulu almayacağam?! Yox! Belə qərar, övladlığa vermə bizə lazım deyil! Aldanmışıq!
Fətəli də öz-özünə donquldanır, mızıldanırdı:
- Dinəndə deyirlər ki, müstəqil ölkəyik, konstitutsiyamız, gözəl qanunlarımız var... Bəs necə olur ki, başçı deyən kimi hakim razılaşdı... Əvvəl heç yaxın gəlmirdi axı. Deməli, deyilənlər düzdü də... Hər şey telefon zəngi, xahişlə həll olunur... Hakim yox... Əsl imtiyazlı adamdı da... Yuxarı rəhbərliyin mənafeyini güdür, onları müdafiə edir...
Bu an atası yaxınlaşıb, onun sifətinə yağlı bir qapaz çəkərək dedi:
- Ə, şüdə oğlu,özün demədin, xahiş etmədin, bizi niyə rüsvay edirsən?!.
Fətəli atasına qabardı:
- Sən də bir dayan, əl saxla da!... Uzunqulağam məni belə kötəkləyir, vurursan?!.
- Hə, ondan da kal, kobudsan!... Haqq bilməz... Mən səni belə tərbiyə etməmişəm axı...
- Deyirsən də... Görmürsən onların oyunbazlığını. Bəlkə də, pul vermədik, hamısı bunun nəticəsidi. Bizim uşağın pulunu niyə kəssinlər ey?!.
- O uşaq daha sizin yox, mənimdi...
Anası Xoşqədəm də gülümsədi:
- Hə də... Təzə doğum haqqındakı şəhadətnamədə bizim adımız yazılıb. Atası o, anası mənəm...
Qadın bu sözləri ilə gəlinə sanki od qoydu. Kükrədi, çınqıdı ha:
- Bu da sizin xeyiriniz!.. Odur ki, tələb edirəm də!.. Qətnamə ləğv olunmalıdı. Mənə lazım deyil belə sövdələşmə!.. Kim bilir bu kişi nə vaxt öləcək, dünyasını dəyişəcək. Deməli ona kimi uşaq pulu almayacağam da?!.
Hakim əlacsız qalıb, yenidən məhkəmə qurası, çıxartdığı qətnamədə düzəliş edəsi oldu...