Lilpar Cəmşidqızı : - QƏZƏL
Bu həyatın, bilirik, gizli qalan bir üzü var,
"Və qaranlıq gecənin sonra gələn gündüzü var".
Uzanan yollarımız sonda bitər, ayrılarıq,
Nə edək büdrəməyək, əyrisi var, həm düzü var.
Yazılan bəxtə uyub, qismətə aldanmayasan,
Sonu əvvəldə görən çünkü bəsirət gözü var.
Dolaşır ömrümüzün sahibi gündüz və gecə,
Onu görmür gözümüz, Göydə görünməz izi var.
Nə qədər tövbə edənlər yaşayır aləmdə,
Üzü min rəngə çalan, atlasa dönmüş bezi var.
A cahan mülkünü sevmiş, niyə doymur, de gözün?
Düşünüb etsən əməl, hər gödənin pəhrizi var.
Yenə, Lilpar, çəkinir yazdığı hər misradən,
Nə gözəl bəhrə düşüb, qoyma qutarsın, sözü var.