Təzə xalı -  yazdı Xatirə Rəhimbəyli

Ədəbiyyat 09:14 / 19.08.2025 Baxış sayı: 2151

 

Mənsiz istəyinə,mənsiz sevginə

Axar gözlərimdən qansız buludlar .

Gündə yuyulanın ,şəfəqlənənin ,

Tez də köhnəlməyi,bozarmağı var .

 

Açılıb salınır ayaq altına

Ömrün divarında bozaran xalı.

Ömrünün saralmış divarlarında

Xalı boyda yeri tər -təzə qalır .

 

O ağappaq divar çəkər fikrini ,

Hər gün oturarsan "ekran" önündə.

O ötən günlərin " kino lenti"nə

Çeviri lap başdan" baxarsan" gündə.

 

Ah,bu qısa film ömrün sübh çağı

Gördüyün yuxudu,yadına düşmür .

Yox,gəlmir yaxına solğun cizgilər ,

Yox,o xoş duyğusuz günlər ötüşmür ...

 

Qəfil istəyərsən saralsın o da .

Tökərsən üstünə suyu gözündən .

Ya da üfləyərsən məsum üzünə

Siqaret tüstüsün çəkib hirsindən .

 

Bir də görərsən ki,sənə ar gəlir ,

O "ekran " görünər düşmənə,dosta..

Bir səhər xanımın "həkim " çağırar,

Gələr təzə xalı,ya da ki usta .

 

Dil boğaza qoymaz evin xanımı:

--Kişi kasıblığın fikrini çəkir!..

Səhərdən -axşama xəyallarında

Divara bir xalı şəklini çəkir...

 

Tökülər üstünə yağış təsəlli:

--Dünyada qalacaq dünyanın malı.

Dedim,uşaqlara soyuq olmasın ,

Bir də köhnəlmişdi o andır xalı...

 

Yenə gözlərimin kəsilməz seli,

Bu təzə xalı da solar,bozarar.

Ömrünün saralmış divarlarında

Tez-tez təzələnən bir xatirəm var....