Tahir Rzayev, millət vəkili : "  İnsanlar bazara üstünlük verir"

İqtisadiyyat 11:04 / 02.06.2024 Baxış sayı: 3258

"Bazarda ətin qiymətinin artması bizi narahat edir. Bu, bəzi işbazların fəaliyyəti ilə əlaqəlidir. Ona görə ki, kəndlərdən əti ucuz qiymətə alıb Bakıda satanların sayı çoxalıb".

Yenises.az bildirir ki, bunu açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib. O bildirib ki, müəyyən sahibkarlar bazara vaxtında çıxa bilmədikləri üçün öz məhsullarını aşağı qiymətə işbazlara satırlar:

"Onlar da bunun üzərinə xeyli miqdarda qiymət qoyaraq bazara satışa çıxarırlar. Digər səbəb yem qiymətlərinin artması və insanların ətə olan tələbatının yüksəlməsi ilə bağlıdır. Bizdə vətəndaşlar ət məhsullarına daha çox üstünlük verirlər. Ən mühüm səbəblərdən biri də insanların son illərdə zəhmətə qatlaşmamasıdır. Kəndlərimizdə əvvəlki illərdə hər kəsin həyətində mal-qara, qoyun-quzu, toyuq-cücə saxlanılardı. Bu da sözsüz ki, ərzaqdır. Amma indi əksər həyətlərdə bu sadaladıqlarım saxlanılmır. İnsanlar nə isə zəhmət çəkmək istəmirlər. Onlar hazır məhsulu bazardan almağa üstünlük verirlər ki, bu da ailə büdcəsinə ziyandır. Hesab edirəm ki, kənd əhalisi özünü ət, süd və digər kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir".