Tahir Rzayev, komitə sədri : - " Bu gün şəhidlərimizin ruhu şaddır."

HÜQUQ, Gündəm 20:05 / 30.03.2024 Baxış sayı: 2302

"31 mart azərbaycanlıların soyqırımı günü unudulmaz bir tarixdir. Bu, həm də erməni faşistlərinin vəhşiliyinin nümunəsidir. Martın 30-dan keçən dörd gün ərzində ermənilər Bakıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda və Naxçıvanda azərbaycanlılara qarşı əsl soyqırım aktı həyata keçirmişdir. Nəticədə 50 minə yaxın insan qətlə yetirilmiş, şikəst edilmişdir. Bu, tarixdə analoqu olmayan bir soyqırım aktıdır. Sözsüz ki, bu soyqırımın törədilməsi Azərbaycan xalqının tarixinə kədərli bir hadisə kimi yazılmaqla yanaşı, həm də qürurumuzu, əzəmətimizi nümayiş etdirir. Çünki yaddaşlara həkk olunan bu hadisələr, törədilən soyqırımlar cavabsız qalmayıb. Azərbaycan xalqı düşmənə öz layiq olduğu yeri göstərib, şəhidlərimizin intiqamını alıb və soyqırım yaralarına məlhəm qoyub".

Yenises.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Deputat vurğulayıb ki, bu soyqırımın ilk siyasi-hüquqi qiymətini Ulu Öndər Heydər Əliyev verib: "1998-ci il martın 26-da azərbaycanlıların soyqırımı haqqında mühüm bir fərman imzalayıb. Bu fərmanın imzalanması törədilən vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə olub. Ulu Öndərin tapşırıqları ilə sonrakı dövrlərdə də bir sıra vacib tədbirlər həyata keçirilib. Bu tədbirlərin mayasında erməni vəhşiliyini açıb göstərmək, onların hansı xislətə malik olduğunu dünyaya bəyan etmək və geniş şəkildə təbliğat aparmaq məqsədi daşıyır".

T.Rzayev bildirib ki, sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də 31 mart soyqırımının yüzilliyi haqqında imzaladığı sərəncam bu tədbirlərin genişlənməsinə vüsət vermiş və soyqırım aktı bir çox ölkələrdə özünün əyani nümayişini tapmışdır: "Qubada soyqırım şəhidlərinin şərəfinə ucaldılan Memorial Kompleksi, eləcə də digər şəhər və rayonlarımızda bu hadisə ilə bağlı görülən tədbirlər dünya ictimaiyyətinə səsimizi duyurmaq üçün zəmin yaradıb. Xalqımıza qarşı törədilən bu soyqırım aktı heç vaxt unudulmayacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onlara qarşı törədilən cinayətlərin cavabı verilib. Azərbaycan xalqı uzun illər erməni təcavüzkarları tərəfindən məğlubiyyətə uğradılmanın acısını ürəyində daşıyıb. Bugünkü gündə torpaqlarımızın azğın düşməndən azad olunması, suverenliyimizin tam təmin olunması, 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində əldə olunan parlaq qələbələr göstərir ki, heç vaxt Vətən uğrunda şəhid olan həmvətənlərimizin qanı yerdə qalmayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev, onun Ali Baş Komandanlığı altında müzəffər ordumuz və xalqımız öz şücaəti ilə bir daha sübut etdi. Bu gün də Azərbaycan Ordusu düşmənə qarşı qələbə qazanmaq üçün tam səfərbər vəziyyətdədir. Çünki başımıza gətirilən bəlalar, törədilən soyqırımlar bizim üçün ibrət dərsidir. Bu dərsdən nəticə çıxarır, tarixi araşdırır, daim gündəmdə saxlayırıq. Bu da qəlbimizdə xalqımıza inam və düşmənə nifrət hissini artırır. Allah şəhidlərimizə rəhmət eləsin!".