Tahir Rzayev, komitə sədri : - "Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinin istiqamətləndirilməsində bir mərkəzdir."
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKPA-nın nümayəndə heyətini qəbul etməsi və bu təşkilatın Bakıda 13-cü plenar iclasının keçirilməsi bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı birləşməkdə, eyni zamanda güclü mərkəzə çevrilməkdədir. Əlbəttə ki, bu, qürurvericidir. Çünki bu dövlətlərin birliyi həm iqtisadi və mədəni baxımdan, həm də milli təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətlidir”.
Yenises.az bildirir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Millət vəkili qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə son illər həyata keçirilən mühüm tədbirlər, çağırışlar artıq türk dövlətlərini bir ailə kimi birləşməyə vadar edib: “Bu birlik bir məqsəd uğrunda mübarizə aparmaq, problemləri həll etmək, qarşıya qoyulan məsələləri yerinə yetirmək üçün vacibdir və dünyada yeni bir mərkəzin formalaşmasına zəmanətdir. Azərbaycan Prezidenti nümayəndə heyətini qəbul edərkən bir daha bildirib ki, türk dünyası böyük bir ailədir, yüksək potensiala malikdir və geniş coğrafiyanı əhatə edir. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin iqtisadi potensialı, onların yeraltı və yerüstü sərvətləri, tarixi keçmişi bütövlükdə bu təşkilatın böyük bir güc mərkəzinə çevriləcəyinə inamı gündən-günə artırır. Dövlət başçısı öz çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birlikdə gündən-günə genişlənən bir fəaliyyət göstərir. Bunu biz əyani misallarla göstərə bilərik. Son illərdə Prezident İlham Əliyevin Özbəkistana, Qazaxıstana, Türkmənistana və digər respublikalara səfərləri, eləcə də Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin rəhbər şəxslərinin Azərbaycana səfərləri bu təşkilatın getdikcə güclənməsinə bir nümunədir. Həmin ölkələrin prezidentləri nəinki Bakıda görüşlər keçirib, eyni zamanda bir çox mühüm sənədlərə imza atıblar. Bundan əlavə, onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş, orada görülən işlər işlərlə yaxından tanış olmuş və humanitar məqsədlər üçün məktəb, mədəniyyət mərkəzləri və digər obyektlərin tikintisinə təşəbbüs göstəriblər”.
T.Rzayevin sözlərinə görə, bu gün Bakıda TÜRKPA-nın 13-cü plenar iclasının keçirilməsi və orada ifadə olunan fikirlər onu deməyə əsas verir ki, müəyyən sahələrdə qanunvericilik aktlarının birgə hazırlanması və onun həyata keçirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini göstərir: “Həm də bu Parlament Assambleyasının öz tədbirlərini gələcəkdə Şuşada keçirməyi planlaşdırması Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinin istiqamətləndirilməsində bir mərkəz olduğunu nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsinin müəyyənləşdirilməsi bu təşkilatın dövlətimizin maraqlarını qorumaqda mütəşəkkil bir qüvvə kimi iştirakının nümunəsidir. Sözsüz ki, qarşılıqlı əməkdaşlıq gələcəkdə münasibətlərin daha da yaxşılaşacağına inamı artırır”