Tağı Əhmədov- Xatirələşmiş ömür

YAZARLAR 12:32 / 21.10.2024 Baxış sayı: 1266

 

                                                                                                 Vida sözü

      Dünən oktyabrın 19 - da səhər tezdən acı bir xəbər bütün ölkəmizə bürüdü.Tağı Əhmədov bu dünyaya vida deyib. Mənim üçün gözlənilməz xəbər idi. Cəmi iki həftə bundan əvvəl görüşmüşdük Tağı müəllimlə...

      Ömrünün 45 ilə qədərini Bakı metrosunun inkişafına həsr etmiş, həyatının bəlkə də yarıdan çoxunu metro tunellərində, yeraltı şəhərdə keçirmiş “Əməkdar mühəndis”, ”Şöhrət” və “Əmək “ ordenli, coxsaylı mükafatlarin ünvanı olan bu kişini hamı kimi mən də “Metro rəisi”  kimi tanıyırdım. Metronun son istifadəyə verilən   “Nəsimi”, “ Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının Binəqədi rayonu ərazisində yerləşməsi, mənim də həmin illər   Binəqədi rayon İcra hakimiyyəti başçısı aparatınd işləməyim, bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə bir yerdə olmağımıza imkan yaradırdı. O dövrlərdə mənim səlahiyyətlərim sadəcə prosesləri, hadisələri və müzakirələri müşahidə etmək səlahiyyətindən uzağa getmirdi. Bununla belə mənim də keçdiyim həyat yolu, təcrübə və müşahidələrim, situasiyalara və insanlara dəyər verməyə imkan yaradırdı. Və nə qədər bir mənalı qarşılanmamasından asılı olmayaraq məndə bu bir az kobud, bir az sərt bir az da qeyri-advekat bir məmur xüsusiyyətli  bu şəxsə- Tağı müəllimə qarşı onun ötkəmliyi, cəsarəti, özünəinamı və digər müsbət keyfiyyətləri bir simpatiya yaradırdı.

      Münasibətlərimizin yaxınlaşması, sonradan doğmalaşması Tağı müəllimin YAP Yasamal Rayon Təşkilatına sədr seçiləndən sonrakı dövrə təsadüf edir. Həmin illərdə mən də YAP Binəqədi  Rayon Təşkilatının sədri vəzifəsində çalışırdım. Xidməti vəzifəmizlə əlaqədar Tağı müəllimlə istər YAP Mərkəzi Aparatında keçirilən tədbirlərdə, istər müxtəlif ictimai-siyasi tədbirlərdə, istərsə də YAP Rayon təşkilatlarının birgə tədbirlərində tez-tez ünsiyyətdə olurduq.

     Bu görüşlərdən mən əvvəllər tanıdığım Tağı Əhmədovdan fərqli, başqa bir Tağı müəllimi görürdüm.Tağı müəllimin necə kövrək xarakterə, incə qəlbə, səmimi və mehriban duyğulara, yaradıcı xislətə,  musiqi və poeziyaya üzvi bağlılığa malik olduğunu  hər görüşümüzdə hiss edirdim. İndi aradan illər keçdikdən, Tağı müəllim artıq dünyasını dəyişdikdən  sonra bu sözləri etiraf etməyə bəlkə də  ehtiyac yoxdur. Ancaq mən bu görüş və tədbirlər barədə təəssüratlarımı bölüşmək, demək deməməkdən daha yaxşıdır ənənəsinə sadiq qalmağı daha üstün tutdum.

       Dünən dəfn mərasimində Tağı müəllimlə uzun üllər yaxın ünsiyyətdə olmuş, bir-birilərinə böyük hörmət və məhəbbəti olan Xalq şairi Nəriman Həsənzadə onun haqqında maraqlı bir fikir söylədi ki, Tağı Əhmədov Ümummilli liderimiz Heydər Əliyevin tapıntısı idi.

       Döğurdan da Tağı Əhmədovu Bakı Metrosuna rəisi vəzifəsinə Ümumilli liderimiz Heydər Əliyev gətirmişdi. Bundan sonrakı illərdə Tağı müəllim Heydər Əliyevlə dəfələrlə ünsiyyətdə olmuşdu. Təsadüfü deyil ki, ötən il Ümummilli liderimizin 100 illiyi ərəfəsində Tağı müəllim bu böyük şəxsiyyətlə ünsiyyətlərini özündə əks etdirən xatirələrini “Bir kitabda iki kitab” adlı kitabında toplamışdı.

 

      Düşünürəm ki, Bakı Metrosunun tarixi  və Ümummilli liderimiz Heydər Əliyevin indi və gələcək tariximizdə  Bakı şəhərində Nəqliyyat infrastrukturunun yaradılması, təşəkkülü və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, Tağı müəllimin bu xatirə yazıları  həm gələcək üçün, həm tarix üçün, həm,  də tədqiqatşılar üçün son dərəcə dəyərli və maraqlı bir mənbədir.Tağı müəllim bu kitab üzərində işləyəndə səhhəti yaxşı deyildi. Hərəkət qabiliyyəti məhdud idi. Ancaq onun səhhətindəki problemlərə baxmayaraq kitab üzərində xüsusi bir məsuliyyətlə, həm də xüsusi bir zövqlə ilşəyirdi. Bir az da tələsirdi. Əslində bu xatirələri yazmaqla Tağı müəllimin heç kəsdən heç bir  bir təmənnası yox idi. Sanki o ömrünün sonunun yaxınlaşdığını hiss edərək, Ümumimilli liderə son borcunu verməyə tələsirdi.

     Tağı müəllim dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına və irsinə, mənsub olduğu partiyaya son dərəcə bağlı və sadiq adam idi.  Bu bağlılıq onun içindən, genindən. qanından irəli gəlirdi. Həm də bu bağlılığı son dərəcə səmimi şəkildə biruzə verirdi. Kiçicik bir misal: Tağı müəllim ömrünün son günlərinədək  Ümumilli liderimiz Heydər Əliyevin əksi olan döş nişanını pencəyinin döşündən çıxarmadı.

        Mehriban, qayğıkeş ailə başçısı idi. Ailəsinə , ömür- gün yoldaşı Salatın xanıma,övladlarına hörmət və məhəbbəti hər addımda hiss olunurdu. Nəvələrini hədsiz bir məhəbbətlə sevir və əzizləyirdi.

        Tağı müəllim el adamı, camaatın xeyirinə şərinə yarayan adam idi. İtirak etdiyi istər rəsmi, istərsə də qeyri-rəsmi məclislərə bir şuxluq gətirərdi. Xüsusilə az təminatlı, sosil müdafiəyə ehtiyacı olan insanların, ailələrin tədbirlərində fəal iştirak edər, bu tədbirlərin bir növ ağsaqqalına, aparıcısına, sahibinə çevrilərdi. Onu hər yerdə görmək olardı. Hər yerdə arzu olunan və yeri olan adam idi. El şənliklərində ətrafına insanları yığaraq, böyük şövqlə “Şərur” yallısını  oynayardı.

       Xeyirxah, xeyriyyəçi, səxavətli adam idi. Sosal müdafiəyə, maddiyata ehtiyacı olan adamlara son dərəcə həssas və diqqətli idi və bu fəaliyyətindən bir məmnunluq duyardı. Obyektiv, qərəzsiz, adam idi, düzə düz, əyriyə əyri dyirdi. İnsanların arxasınca danışmağı sevməz, belə adamlardan xoşu gəlməzdi. Sözü və səhvi birbaşa üzə deyə bilirdi.

      Musiqiçilərə, bəstəkarlara, müğənnilərə con dərəcə diqqətcil adam idi. Onlarla çox mehribanlıqla qaynayıb qarışmışdı. Musiqiçilər arasında çoxsaylı dostları var idi və bu dostluq ailəvi səviyyədə davam edird. Şairlər də onun ən yaxın dostları sırasında idi. Onlarca şairin kitablarının nəşr olunmasına vəsilə olmuşdu. İncə poetik duyuma, istedada malik adam idi. Tağı Sadiq təxəllüsü ilə şeirlər yazırdı. Bir neçə şeirlər toplusu- kitabları nəşr olunmuşdu. Şeirlərinə onlarca mahnı yazılmışdı..

       Nəşr olunan sonuncu kitabında Tağı müəəlimin  son illər qələmə aldığı  şeirləri toplanmışdı.  Bu şeirlərdə Tağı Sadiqin yaşantıları, müxtəlif məqamlardakı ovqatı, ağrı və acıları, iztirabları dost və aşinaların dönüklüyü və  bunlarla bağlı şairin səmimi etirafları öz əksini tapıb. Şeirləri oxuduqca, bu həssas və kövrək insanın hiss və həyacanlarını dərk etməmək mümkün deyildir. Bu şeirlərdəki sətrlərin arxasında təkcə poetik ifadələr deyil həm də Tağı Sadiqin xatirələşmiş ömrünün ayri-ayrı anları boylanır və həssas oxucu üçün onlar duymamaq mümkün deyildi. Son dərəcə hssas və incə qəlbə malik adam idi. Əsən bir xəfif meh, qəlbə toxunan kiçik bir məqam, acı bir söz,Tağı müəllimi qəhərləndirə, kövrəldə, ağlada biləirdi. Hərəkət məhdudiyyəti ilə əlaqədar ictimai tədbirlərdə, el şənliklərində iştirak edə bilmirdi. Bununla belə sosial şəbəkələrdə kifayət qədər aktiv idi. İstər ictimai-siyasi, istərsə də ədəbi-bədii təbirlərlə bağlı sosial şəbəkələrdəki paylaşmalara rəylər yazırdı və bu rəylər koloritli olduğu qədər də obyektiv və şirin idi.

      Tağı müəllimlə son görüşümüz iki həftə bundan əvvəl olmuşdu. Təzə Pir məscidindəki mərasim evində qardaşının il mərasimində. Məclisdə Tağı müəllimin Bakı Metrosundan  keçmiş iş yoldaşları, ictimaiyyət nümayəndələri , dostları və çox saylı musiqiçilər iştirak edirdi. Tağı müəllim çox gümrah görünürdü. Çox mehriban görüşdük. Hal-əhval tutduq. Heç düşünməzdim ki, bu bizim son görüşümüz olacaq...

       Əlvida Tağı müəllim, məkanın cənnət, ruhun şad olsun. Sənin ömrün xatirələşmiş ömürdür.Əzizlərinin, doğmalarının, dostlarının, səni tanıyanların  qəlbində, bir də mahnılarında və şeirlərində yaşayacaqsan.

 

 

                                                                                                     Hörmət və ehtiramla

                                                                                                           Ramiz Göyüş