Əlizadə Nuri : - Yol sal, məni yola sal...

Ədəbiyyat 09:08 / 21.10.2024 Baxış sayı: 466

 

 

Bu yeli kim qorxudub-

Niyə belə əsir yel?

Mənə bir yer göstərin

Ordan görünməsin yer.

 

Sevgi bəhanə imiş ,

Hər gün darıxmaq üçün.

İllər pilləkan oldu

Ölümə çıxmaq üçün...

 

Yol da yoxdu getməyə,

Yol sal, məni yola sal.

Get, o qəmi qarşıla

Qorxuram ki, yol aza...

 

Mən bir həsrət vağzalı,

Sən gecikən qatarsan.

Girmə mənim yarama-

Çox dərindi, batarsan.

 

...Bu sevgili gecədən,

Ayrılmaq istəmirəm.

Allah girib yuxuma-

Ayılmaq istəmirəm...