QINAMA - Kəmalə Abiyeva

Ədəbiyyat 07:56 / 22.10.2024 Baxış sayı: 212

 

 

Qınama ,gəlmişəm, mənəm önündə

arzumun əlində donmuşam indi.

Vüqarım önündə hey titrəsəm də,

eşqin kölgəsinə dönmüşəm indi.

 

Qınama, gəlmişəm, mənəm önündə,

nə qədər yaxınıq,nə qədər uzaq...

Bilmirəm nələrim qalıbdı səndə,

ömrümdə çox şeylər qoymusan ancaq...

 

Mənimlə bir sevda dünyası qurdun,

könül arzularım yolları idi.

Bəs sən bu yollarda nə tez yoruldun?

İtirən mən idim, tapan sən idin...

 

Səni unutmamaq, unutmaq çətin,

gör necə doğmasan, gör necə yadsan?!...

Sevməyi sən mənə axı öyrətdin,

Niyə unutmağı bəs öyrətmədin?

 

Sənli günlərimə dolaşıb zaman,

Kim deyir sevgidə ürək mətindi?

Mən ki öz özümü unudub tamam

Eşqin kölgəsinə dönmüşəm indi….