İSMAYIL MƏRCANLI İMANZADƏ :- VƏTƏN ANA, TORPAQ NAMUS, SEVGİ ƏMANƏT

Ədəbiyyat 08:53 / 21.10.2024 Baxış sayı: 1358

 

Dua etdim, ulu Tanrım dadıma yetdi,

Ərən yurdum nər biləkli oğul böyütdü.

Bizə Qorqud babamızdan qalan öyüddü -

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Qarı düşmən, aç gözünü tariximə bax,

Daş kitabəm Təbriz, Şəki, Gəncə, Qarabağ...

Naxçıvandan söhbət açdım, söylədi Şahdağ -

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Kitab kimi varaqladım Kürlə Arazı,

Əcdadımın Qobustandan gəldi avazı.

Şəhidlərim torpaq üstə qanıyla yazıb -

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Salam, igid əsgər balam, sabahın xeyir,

Səhər mehi təbəssümlə qapını döyür.

Göyçə səndən nicat umur, Zəngəzur deyir -

Vətən ana, torpaq namus, sevgi əmanət!

 

Mən üç rəngli bayrağımla keçmişəm oddan,

Vətən sözü müqəddəsdir hər cürə addan.

Ata millət, ana millət çıxarma yaddan -

Vətən ana, torpaq namus, sevgi əmanət!