SÜLEYMAN ABDULLADAN İKİ ŞEİR.
GƏL GÖTÜR
Bir ömürdür boş ötürmə yaxşı-pis,
Gedənəcən nəyim varsa gəl götür.
Hər yetəndən söz götürmə yaxşı, pis,
Sinəm üstdən inci götür, ləl götür.
Olmur axı hər kürəyi oxlamaq,
Qanlı əldə tər çiçəyi qoxlamaq.
Doğru deyil son günəcən yoxlamaq,
Son nəfəsdə inadından əl götür.
Nə yaralar qaysaqladı irini,
Göz çoxunu, könül sevər birini.
Sevgidəndi ölümün ən Şirini,
Fərhad kimi Bisütunu dəl götür.
OLMUŞ
Ya Rəbb, bu nə tamah...
bilməm, nə maraq?
Başın ağrısını can dadan olmuş.
Olur ki, istəyi yüz qram araq,
Yanında koladan, fantadan olmuş.
"İlə"ni ayırmaq olmur "isə"dən,
Saxlamaz harama halal kisə dən.
Kisəylə gələn kəs dolu kisədən
Çantayla gələn kəs çantadan olmuş.
Olmur zoğallamaq söz axtasından,
Qorxdu gördüyünün göz saxtasından.
Urusun babası öz şaxtasından,
Abş-ın klausu santadan olmuş...