SÜLEYMAN ABDULLA.: - TALE SÖHBƏTİ

Ədəbiyyat 12:44 / 14.03.2025 Baxış sayı: 438

 

Çox olana olmayacaq deyildi,

"Ol"u yoldan çıxartmaq var taledə.

Sevgi yoxsa ha qulacla, xeyri yox,

Qolu yoldan çıxartmaq var taledə.

 

İllər ötdü, bircə günü ağ olsaq,

Köksü aran, sinəsində dağ olsaq.

Bu ürəklə nə olacaq sağ olsaq,

Solu yoldan çıxartmaq var taledə.

 

Yoxsa yoxdu,- yalvar, yaxar, ləli,- boş,

Külüng vurduq ağıllı boş, dəli boş.

Çox asandır yola düşmək əliboş,

Dolu yoldan çıxartmaq var taledə.

 

Ayrılıqdır iki dünya arası,

Yermi qaldı yoxdan sayıb varası.

Düşdüyünsə zolaqların qarası,

Zolu yoldan çıxartmaq var taledə.

 

Nə zərdəndir, nə incidən sözümüz,

Köndələndir işığına gözümüz.

Ha çalışdıq çıxammadıq özümüz,

Yolu yoldan çıxartmaq var taledə.