SÜLEYMAN ABDULLA -NECƏ

Ədəbiyyat 11:45 / 04.06.2026 Baxış sayı: 484

 

Elə gözəl anladırlar adama,

Necə dönüb olur zəhər mət, necə?

Necə ucuzlaşır insanlıq, amma,

Necə bahalaşır çörək, ət, necə?!

 

Ən müdhiş qərarlar gecə verilir,

Heç kimi almadan vecə verilir.

Ən vacib qanunlar necə verilir,

Necə çıxarılır hökm, qət, necə?!

 

Adam öz adını nə vaxt yanılır,

Yaltaqlıq nə üçün şərəf sanılır.

Haqq niyə yeyilir, necə danılır,

Bəs kimdən alınır bu cürət, necə?!

 

Yoxdan var olanı hər kəs var bilər,

Tanrını çətində, darda yar bilər.

Əlləri daş altda qalanlar bilər

,Necə viran qalır məmləkət, necə?!