Könül Nuriyeva - İşsiz…
Şair deyilsən ki, şeir yaza bilməyəndə
səni sərxoş edəcək qadın axtarasan,
sonra da içdiyin o qadınların
ayılanda adlarını tapmayasan…
Yoqa müəllimi deyilsən ki,
hər gün dərsə gecikəsən,
bəhanəni zamana tabe olmamaqla bağlayasan…
Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən,
illər sonra onu xatırlayıb ağlayasan…
Aşbaz deyilsən, yeməklərin dadı ilə
ocağın istisini qarışdırasan,
başqalarını boyat, özünü təzə təama alışdırasan…
Gecələri də tez yatırsan,
heç olmasa bir işə yarayıb,
ayla günəşi barışdırasan…
Ata deyilsən, bir dərdin ola,
o da övlad…
Ona öyrədəsən necə qazanılır
şərəfli ad.
Bəzən uşaqlarının adını qarışdırasan…
Yaxşı ki, ata deyilsən,
çətin zamandır— hamısına verəmməzdin savad.
Sən heç bir iş bacarmayan,
anasının şikayət etdiyi adamsan.
Mənimçun birlikdə gedəcəyimiz yol,
başqaları üçün zəhlətökən dumansan…
Bu boyda şəhərdə yer tapılmır
sənə madam ki,
deməli, mənə lazımsan,
mənim qəlbimdəki kamansan…
İş taparam mən sənə:
Buludları rəngləmək gəlirmi əlindən?
insanlardan küsəndə şirin söz çıxarmı dilindən?
Məlikməmməd üçün yandırarsanmı telindən?
Hamı üz döndərəndə bu şəhərin dənizindən,
sən tutarsanmı onun biləyindən?
Bitirəndə bu işləri
bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən?
Sənin sıxmaram ürəyini
birlikdə içərik yağış suyunu
tez öyrəşərik bir-birimizə
bir gündə tanıyaram
sənin huyunu…
Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən?
Sonra, böyük, çox böyük işlər görərik
Hər axşam günəş batmasın deyə
qalın kəndir hörərik…
Axı adamlar kədərlənir,
nə olsun ki, arada ay bədirlənir.
Onlara lazımdır günəş
hər axşam yanğınsöndürən olarıq
dərdli qəlblərə çiləyərik atəş…
Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə,
bir sevgili taparıq gecəyə!..
Ölümü aldadarıq,
mat qoyarıq onu qurduğunuz kələyə…
Onu göndərərik gedər-gəlməzə,
ikimiz birlikdə olanda, o nə edə bilər bizə?!
Körpələrin, cavanların mərəzlərini verərik küləyə,
doyunca gülərik, rişxəng edərik xəstəliyə…
Yetim uşaqları analara verərik,
yaşanmayan uşaqlığı yenidən bələyə…
Yetimlərin adları olmur ki,
analar onlara “laylay” deyib səsləyə…
Görəsən, sənə niyə işsiz deyirdilər,
Bilmirsən, niyə?!
Könül Nuriyeva