Ümidli  ŞEİR -   yazdı  Əbülfət Mədətoğlu

Ədəbiyyat 10:10 / 03.06.2026 Baxış sayı: 438

Ürəyimi  tilsimləyən baxışın 

Bircə  anda  lal  elədi  dilimi..

Dünya  ilə kaş düz  gəlsin  naxışın -

Dua  üçün  mən  açmışam əlimi!

 

Gözlərimdə gəzdirdiyim şəkilin -

Talehimin  sənə  bəlli  "Sim-simi"!

Allah  özü  olub  sənin vəkilin -

Onun isə  heç kim bilmir  tilsimin!

 

Xoşbəxtəmki,  varlığına  sevinib

Bu  dünyada  görə  bildim Cənnəti!

Yaradanım özü  səni  pir edib -  

Buna  şübhə  etmirəm də  mən  qəti!

 

Layiq  bilsən  sinəmdəki  taxtını

Qollarımda  yellənçəyin qurular...

Biz  birlikdə  bu  sevginin  baxtını -

Yaşadıqca, bulanlıqlar  durular!