SÜLEYMAN ABDULLA: - ƏLLƏRİM

Bir ovuc duadır su damlaları,
Göylərə açılıb əsər əllərim.
Vətən deyiləndə qopur fırtına,
Coşur dalğa-dalğa Xəzər əllərim.
Bu ağır havada çəkməyədir ah,
Gah sinə qabardar, köks ötürər gah...
Duman içindədir açılan sabah,
Susqun üfüqləri bəzər əllərim.
Qızılı şüalar səpilir zər-zər,
Havası mis kimi, şehi təzə-tər.
Deyəsən özünü unudub ülkər,
Salır dan yerinə nəzər əllərim.
Bağda barına bax, dağda qarına,
Başqa çəm aramaq gəlməz arına.
Əl çalar dünyanın yaxşılarına,
Edər pislərindən həzər əllərim.
Adamın kölgəsi batar çiçəyə,
Şəhər yuxusunu qatar çiçəyə.
Sənə dost deyəni tutar çiçəyə,
Amma kəm baxanı əzər əllərim.
Sən su misalısan durudan duru,
Çoşqun şəlalədir şüanın guru.
Gündüzlər deyərəm gözümün nuru,
Gecələr yuxuda gəzər əllərim.