Bəhram Bilaloğlu- Sükutun içindən ucalan səslər

YAZARLAR 20:00 / 11.03.2026 Baxış sayı: 205

 

Gecə yer üzünə sükutun pərdəsini çəkən zaman küçələr sakit, qapılar bağlı, insanlar isə yuxunun dərinliyində idi. Elə bil zaman bir anlıq dayanmışdı. Lakin həmin sükutun içində görünməyən addımlar və izlər vardı; səssiz, amma mənalı addımlar.

Köhnə bir məhəllənin dar yolunda bir adam yavaş-yavaş irəliləyirdi.Elə irəliləyirdi ki,Onu tanıyan olmasın. Nə adını soruşan olmuşdu, nə də kim olduğunu bilən vardı. Əlində kiçik bir bağlama ilə hərəkət edirdi. Bir qapının önündə dayandı, bağlamanı sakit və səssizcə astanaya qoydu. Qapını döymədi, heç bir səs çıxarmadı. Sadəcə bir anlıq dayanıb baxdı və sonra gəldiyi kimi də sakitcə uzaqlaşdı.

Səhər açılanda həmin evdə yaşayan yaşlı qadın qapını araladı. Astananın üstündəki bağlamanı görəndə gözləri doldu, sanki illərdi itirdiyi əşyasını,ata yadigarını tapıb, çünki günlərdir evində qidalanmaq üçün bir tikə belə olsa çörəyi yox idi. Qadın əllərini göyə qaldırıb ağlaya-ağlaya pıçıldadı:

— İlahi,İlahi, yenə mərhəmətini bir bəndənin əli ilə göndərdin.

Şəhərin başqa bir yerində isə fərqli bir mənzərə yaşanırdı. Bəziləri yardım edəndə hamının görməsini istəyirdi. Söz çox, səs çox, nümayiş çox idi. Elə bil edilən yaxşılıqdan daha çox onun danışılması önəmli idi.

Halbuki yaxşılıq iki cür olur: biri qəlbdən doğar, biri isə baxışlar üçün edilər. Qəlbdən doğan yaxşılıq sakit addımlarla gələr,səsini heç kəs eşitməz, iz qoymaz. Lakin qəlblərə toxunaraq onları məst edər.Sanki görünməyən bir əl onu ehtiyac olan yerə,məkana yönəldər.

Ariflər qeyd edərdi ki,

Bir gün bir gənc müdrik bir qocaya sual verdi:

— Niyə bəzi insanlar etdikləri yaxşılığı hamıya göstərmək istəyir?

Qoca dərin bir təbəssümlə cavab verdi:

—Oğlum,İnsan bəzən kölgəsini belə öz gücü ilə yaranmış sanır. Halbuki işıq olmasa kölgə də olmaz.

Gənc bir müddət susdu. Sonra başını qaldırıb dedi:

— Demək ki, insan yalnız vasitədir.

Qoca başını yavaşca tərpədib əlavə etdi:

— Bəli. Verən də Odur, yönəldən də. İnsan isə sadəcə bir körpüdür.

O gündən sonra gənc bir həqiqəti dərk etdi: həqiqi yaxşılıq səs istəməz. O, sükutun içində böyüyər, insan qəlblərində kök salar.

Çünki Allah bəzən insanlara yardım etmək üçün başqa insanları göndərir. Amma Onun ən sevdiyi qullar o kəslərdir ki, etdiklərini nə dillərinə gətirərlər, nə də bununla qürurlanarlar.

Onlar görünməz qalmağı seçərlər.Xüsusən dünyanın yükünü səssizcə daşıyan gizli dayaqlar da məhz onlardır.

Və o dayaqların arxasında duran qüvvə yalnız Allahdır.

Həyatda o qədər hadisələr cərəyan edir,sadəcə çox vaxt diqqət etmirik,yaşlı qadının yerində pay gətirən şəxslər olur, bunu lakin bəsirətlilər görür və heç kəsi qınamır!