Elman Eldaroğlu - Cabir Novruzun ildönümünə...

YAZARLAR 21:52 / 11.03.2026 Baxış sayı: 446

 

"Xoş gəlmisiz bu dünyaya, balalarım,

Sevinclərim, əzablarım, bəlalarım.

Siz gəldiniz, bilirsiniz neylədiniz?

Oğul idim, məni ata eylədiniz…"

Biri var idi, biri yox idi, bu dünyada Cabir Novruz imzası ilə tanınan Cabir Mirzəbəy oğlu Novruzov adında bir şair vardı. O, imzasını sevdirirdi, imzası da onu. Dünya iki diktatorun əlində girinc qaldığı vaxtlarda, 1933-cü ildə anadan olmuşdu. Yeniyetmə çağları aclıq, müharibə illərinə düşdü, çox əziyyətlərə sinə gərdi. Hitlerin məhvindən bir qədər sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikimuna daxil olub, orada oxudu, oranı bitirdi. Stalinin vəfatından bir il əvvəl isə, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, diktatorun öldüyü il Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərildi və 1957-ci ildə ali təhsilini başa vurub Vətənə qayıtdı...

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başladı. 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışdı. 1970-1997-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin katibi oldu. Yaşadığı dövrdə "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına və Prezidentin fərdi təqaüdünə layiq görüldü. Və 2002-ci ilin dekabrın 12-də, ömrünün 70-ci ilində vəfat etdi...

"Yuxunuzdan duran zaman gecələri

İtirirəm sətirləri, hecaları,

dil-dil ötən ilhamım da dildən düşür,

Qoca nənə, cavan ana əldən düşür.

Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq

asam,

Kiçik Müşfiq istəmir ki, şer yazam"- deyən şairin bu dünyada yadigar saxladığı üç oğlu - Mirzə, Vüqar, Müşfiq də müxtəlif vaxtlarda vəfat etdi. Beləliklə, Cabir Mirzəbəy oğlu Novruzovun ömür hekayəsi belə bitdi. Fəqət, Cabir Novruz imzası hələ də sağdır, hələ də yaşayır...

...Martın 12-si Cabir Novruzun doğum günüdür. Yaşasaydı, 93 yaşını qeyd edəcəkdi. Onu ehtiramla xatırlayır, ruhuna Allahdan rəhmət diləyirəm...

"Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,

Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…

Diri üçün iynə boyda hörməti mən

Ölü üçün min heykələ dəyişmərəm…

Düz deməsəm, onda məni bağışlayın,

Üz tutaram uşaqlara, qocalara, cavanlara,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara…"