Vaqif Bəhmənli -   “RƏMİŞ, GETMƏK VAXTIDI...”

YAZARLAR 16:54 / 10.03.2026 Baxış sayı: 250

 

  (Aqil Abbasın “Rəmiş” povesti haqqında isti-isti)

 

  Qiyamət günü kütləvi deyil, o hər bir Allah bəndəsi üçün ayrıca gəlir.                                                                           V. Bəhmənli. “İşartılar”dan.

 

 

“Ulduz” aylıq ədəbiyyat dərgisi 2026-cı ilin ilk sayında oxucularına bədiyyat və  publisistika adına cəmi üç yazı təqdim edib:

1. Azər Turan – “Birinci Türkoloji Qurultay –  film kimi bir hadisə” (Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” adlı yekun dəyərləndirilməsi ilə).

2. Aqil Abbasın “Rəmiş” povesti (Povest müəllifinin “Bu dünyadan Rəmiş keçdi” başlıqlı ön sözlə)

3. Dərgidə kitab. Kamil Şahverdi – “Bir daha himnimiz haqqında”.

Belə format “Ulduz”un dövriliyində nadir hadisələrdən sayıla bilər, çünki dərgi xüsusilə Qulu Ağsəsin dönəmində “debüt” təmayülü ilə daha çox diqqət çəkir, yəni redaksiya yaşlıların ədəbi təcrübələrini ötürməkdən daha çox, yaradıcı gəncliyin polifoniyasını, yeni imza palitrasını işıqlandırmağa, gənc nəslin nəfsinin hərarətini duydurmağa üstünlük verir.

Olsun, təki oxucuya zövqlü, dəyərli yazı çatdıraq, müəllifin yaşının və imza imicinin bir elə də önəmi yoxdur.

Bura qədərki cümlələri ümumi təəssüratın dolğunluğu xatirinə yazıram. Əslində məqsədim Aqil Abbasın yeni povesti – “Rəmiş” barədə təəssüratlarımı,  əsərdən hasil olan estetik təsiri isti-isti bölüşməkdən ibarətdir.

Qələm dostumun işıq üzü görən digər yazılarının tümü kimi “Rəmiş”i də dərhal, növbə gözlətmədən və birnəfəsə oxudum. Əslində sərf olunan “mütaliə qoşasaatını” bu povestə təkrar dönüş də adlandıra bilərəm. Çünki onu az müddət öncə “525-ci qəzet” və “Ədalət”in internet versiyalarında (hansı hissə hansı profildə daha öncə rastıma çıxdı) parça-parça izləmişdim.

Kim nə deyir desin, bədii mətni kağız üzərindən oxumağın verdiyi bədii-estetik zövq  bambaşqadır. Bir şərtlə, kitab, jurnal, qəzet səhifələrindən mütaliə olunan əsər nəzərlərindən axıb ürəyinə, beyninə, yaddaşına hopsun, özünə ruhunda yer eləsin.

Bəri başdan deyim ki, “Rəmiş” povestinin bədii təsir dərəcəsi oxucu üçün belə bir imkanı yaradır.

Onu da bəri başdan deyim ki, Aqil Abbasın son dövrə aid nəsr və bədii publisistika yaradıcılığı ümumən ədəbi proses daxilində olmaqla bahəm həm fərdi və həm də mühüm ədəbi nailiyyət səciyyəsi ilə ciddi maraq doğurur. Hələ bu azmış kimi, o, artıq 35 ildir, on minlərlə (bəli, belə çox!!) qələm əhlinin imzasına çətir tutan “Ədalət” adlı polifonik bir nəşrin baş yazarı statusunu bir kimsəyə güzəşt etmir. Mənim tanıdığım Aqil Abbas 70-ci illərdə Abdal Qasımın gülməcələrini tapıb-toplayanda, qəzetlərə xırda məqalələr yazanda, böyük bir təşnəliklə çap olunmağa, görünməyə can atanda necə həvəsli, ilhamlı, coşğun idisə, indi də həmən sadədilliklə, şövqlə yazıb yaradır, yenə də yazının əbədiyyətinə möhkəm inanır, yazıçılığı əqidəyə, amala bərabər tutur.

Ədalət hissi üstündə olan oxucu, yaxud həmkar qələm yoldaşı sənətkarın belə ardıcıl cəhd və canatımına laqeyd qala bilməz (qalmamalıdır)!

 Və nəhayət belə bir yekun: Aqil Abbas ədəbi yaradıcılığa sonsuz, tükənməz bir sevgiylə sarılıb... Qədir Rüstəmov qavala və səsin zilinə, Açıq Ədalət alışıb yanan saza, Rəmiş hönkürən gitaraya, Səxavət səsin əlçatıb-ünyetməyən xırdalıqlarına, Şakir qəm köynəyi kimi şırma-şırma açılan qarmona... övlad anaya sarılan kimi!

Hardasa on il olar, Aqil Abbas ciddi nəsr yaradıcılığını dəmdən-dəmə, gələndən-gələnə deyil, məqsədli bir israrla davam etdirir.

Yazıçının həyat və yaradcılığından bəhs edən “Qarabağın qələmi – Aqil Abbas” adlı, kiçik həcmli kitabımda, əlbəttə,  yazıçının son macallar yazdığı “Camış bağa girdi, gəl”, “Eynəyin itməkliyi”, “Əzrayılın erkək dişiliyi” hekayələrini, xüsusilə “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” povestini, yəni bu dörd əsərin cəmini, şərti mənada, sənətkarın fərdi yazı mühitində yeni, həm də ümumi əsaslar qalmaqla xeyli fərqli bir period-dövr kimi təsnif etmişdim. Sanki ədibin müharibənin od-alovundan çıxmış qələmi hər nə təhər olsa da rahat nəfəs almağa başlayır.

Fəqət, Aqil Abbas son zamanlar yaradıb  çapa verdiyi “Qədir Rüstəmovun ov macərları və yolumuzun üstünə çıxan qara pişik” adlı tamamlanmayan (məncə) və “Rəmiş” adlı tamamlanan əsərləri ilə yazı masasının (əgər elə bir masa varsa...) sirrini açdı – demə, bizim bitmiş saydığımız period nəinki bitməyib, heç nə,  ən azı ətalətinin (ədalətinin yox!) gücünə yeni və daha şanslı ümidlər vəd edir...

Deyəsən ağ elədim; bu boyda müqəddimə olmaz.

Bu yazıya başlamaqda məqsədimizin nə olduğunu irəlidə bildirmişik.

Aqil Abbasın roman vüstəində qələmə aldığı “Rəmiş” povesti nədən bəhs edir, ən azı üç məkanda – göy üzündə, yer üzündə və qəribə də olsa yerin altında (elə bir yerin altı ki, ora yerin üstündən də işıqlıdı) cərəyan edən bədii epizodlarla, hövüllənmiş (təlaşlı) bir üslubla müəllif nə demək istəyir? O, insan taleyinə düşən necə bir qismətin itib-batmağından qorxur, kimi və nələri sözə çevirib yeni gələn nəsillərin yaddaşına ötürmək istəyir? Zamanlar boyunca yaşamaq haqqı olan nəsnələr hansılardır və ya kimlərdir, insanlara mənəvi güc vermək imkanına malik qüdrətin adı nədir?

Dipdiri, tərpəşən sözlər hansı itkilərdən yana göz yaşları tökür? Kimdi Rəmiş –  Paqanini? Gitara ifaçısı? Meymunoynadan? Çingiz xanı taxtda, Teymurləngi qundaqda görən şeytan? Konyak və tüstü aludəçisi? Yan-yörəsində şair (şairlər!) fırlanan qızıl barmaqlı ustad?

Deyəsən, oxucunun haqqına girirəm?!

Avantüranın (idəşməyin!) yeri yoxdu... Aqil Abbas “Rəmiş” adlı yeni povest çap elətdirib. Bu yazını yazmaqda isə bizim məqsədimiz ondan ibarətdir ki, povesti Azərbaycan ədəbiyyatını ardıcıl izləyən hər kəs oxusun, belə bir uğurlu bədiyyati nəzərindən qaçırmağın özü bir itkidir.

“Rəmiş” povesti dünya ədəbiyyatının, eləcə də milli nəsrimizin magik təmayüllərindən xəbərdar bir yazıçının qələmindən çıxıb.

Bu hələ azdır, orada bir oxucu kimi mən başı üzərində müqəddəs nur haləsi cizginən peyğəmbər ruhunun işarətlərini də sezib duydum.

Povestdə müəllif müdaxiləsinə dəlalət edən tək bir cümlə belə yoxdur, söyləsəm, mənə inanın.

Vaqiə cümlə ilə başlayır: “Mələklər yığılmışdılar Rəmişin başına. O isə ağır-ağır nəfəs alırdı, əgər buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu qaçmışdı, mələklərin özlərinin alışdırdığı bir günəş (!!!-V.B) sönürdü”.

İstəyir ocaq olsun, istəyir Günəş olsun, istəyir dünyadan köçən insan və ya məqamını başa vuran isti bir fəsil olsun, bütün bu varlıqların hamısı öz içinin sonuna varıb, dibə çökəndə külçədə ilişib qalan son qətrə hərarət zərrələrini də mənəvi bir borcu kimi yenidən qaytarıb ətraflarına əta eləyirlər.

Povestdə Rəmiş ölüm mələyi ilə çarpışarkən Allah talanın ona bəxş etdiyi nüvənin, həyat enerjisinin sanki ən gizli işartısını özündən sonraya, yer üzündə qalan dünyaya ötürmək istəyir. Çünki o adam nə bu, nə o dünyada qismət kimi ona verilmiş qüdrətin, ilahi enerjinin bircə zərrəsinin belə təmənnasında deyil. Aqil Abbasın təqdim etdiyi, bizim də azdan-çoxdan bələd olduğumuz Rəmiş təmənnasızlıq məbədidir. Onun anlayışında kimdənsə nəsə almaq, nəyisə təmənna etmək düşüncəsi yoxdur, onda yalnız bu var: məndə nə varsa alın, götürün, hamısı sizin olsun!

Bu yerdə mən Aqil bəyə haqq qazandırıram; Rəmiş dünyanın içində yox, dünya Rəmişin içində yaşasaydı həyat necə də rahat olardı?!

“Rəmiş” epizodlar romandır, əsər seçmı söz və ifadələrdən, ilmə və çeşnilərdən toxunan xalçanı xatırladır. Burada iyirmidən çox bədii epizod, həqiqət və yarım həqiqət birləşib, qaynayıb-qovuşaraq bütövlük yaradır ki, bu da “Rəmiş” povestinin həm ruhu (ideyası), həm də cismidir (strukturu).

Epizodlar cümlənin əvvəlinə üç nöqtə qoyulmaqla sıralansa belə bir məzmun alınır. Mülahizələrimi yeri gəldikcə epizodlara, bədii detallara uyğun qaydada qeyd etməyi də düşünürəm.

...Xəstəxana. Rəmiş süni nəfəs cihazına qoşulub. Onun axırıdı. Bir ayağı burda, bir ayağı gorda. Sənətkarın ürəyini köksündən çıxarıb, sıxıb sonuncu köhnə qan damcısına qədər təmizləyən mələk də buradadır. Yeri gəlmişkən, yazıçılığı bir qırağa qoyuram, bir fərd, yaxından tanıyıb müşahidə etdiyim insan olaraq Aqil müəllimin gələcəkdə hansısa əlahiddə dəyər qazana biləcək hadisəyə, prosesə irəlicədən həssas reaksiya verdiyini, onun əksər gümanlarının (proqnozlarının) özünü doğrultduğunu çox görmüşəm. Halbuki, mən, eləcə də başqaları bu və ya digər əlahiddə fakta, bir o qədər də  əhəmiyyət verməmişik. Məsələn, o, bizdən daha əvvəl bilirdi və inanırdı ki, Ağdamın “Qarabağ” futbol klubu nə zamansa indiki miqyasda professional komanda səviyyəsinə yüksələcək. Biz Qədiri, Rəmişi, Səxavəti zövqlə, başımızı heyranlıqla yellədə-yellədə dinləyib bir müddət sonra unudanda Aqil Abbas o səslərdəki fövqəladəliyi, əbədiyyəti cisminin bir əzası kimi hifs edib özündə saxlayırdı, onları özü ilə gəzdirirdi. Mənim belə təbiətli qələm dostlarımın çox deyil, amma var. Hətta onlardan da fərqli olaraq Aqil Abbas qeyri-adi istedadlı adamların dəyərini yorulmadan təlqin etməklə yanaşı, zaman ayırıb onların böyrünü (dizının dıbını) kəsdirməyi, onlarla gəzib dolaşmağı da bacarır, bu təmaslara öz içinin daxılı tələbatı kimi vaxt ayırmağa vaxt tapır .

Qoy bu da başqa bir misal olsun; gəncliyimizdən üzü bəri Aqil Abbas Vaqif Bayatlının (Cəbrayılzadə) göy üzü, tanrı nəfəsi kimi şəkillənən poeziyasının məcnunudur, deyərdim. Bunu da etiraf edim ki, o heç bizim də ucundan-qulağından şair olduğumuzu nəzərə almayıb, xətrimizə dəyər-dəyməzin fərqinə varmadan Cəbrayılzadənin həqiqətən də məxsusi cazibədarlığı olan şeirlərini yorulmadan tərifləyir, yeri gələndə şairin öz ifasına bənzər tərzdə əzbərdən səsləndir.

“Rəmiş” povestində də Aqil Abbas “şair cildinə girərək”  hər zaman qızırqanmadan təmasına can atdığı sənətkarın (Rəmişin) yanını bir an belə tərk etmir, son nəfəsəcən onun yastığının böyrünü kəsdirib durur. Yazıçı ilə yaratdığı obraz arasında qaynayıb-qovuşma o qədər sıxdır ki, sanki oxucu povesti kağızdan deyil, müəllifin kədərə bürünmüş üzündən, çarəsiz simasından oxuyur...

Hər bir yazıçının qidalandığı üç əsas mənbə var, onun birincisi,  həyata həssaslıq, ikincisi, Allah-tala tərəfindən verilən istedad, üçüncüsü, yazıçının əxz etdiyi biliklər toplusu, daha konkreti mənimsənilən klassik və çağdaş ədəbi irsə əsaslanmaq potensialıdır.

İlk iki şərt məlum sayaq, burada üçüncü şərtin rolunu qeyd etmək zəruridir. Qara Niqablı Mələyin (niqabın rənginin fərqi yoxdur, əsas odur ki, icraçı mələk olsun) Rəmişin sinəsindən qoparıb sıxıb-sıxıb sonuncu damlasına qədər təmizlədiyi və o ürəyi mələk dodaqlarına sıxıb yenidən təmiz səmavi qanla doldurması epizodu mənə və bir çoxlarına daha qədin məxəzlərdən bəllidir.              İslamda, Qurani Kərimin “İnşirah surəsi”nin ilk ayəsi ilə (Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?) bağlı bir hədisdən söhbət gedir. Orada deyilir: “Yenə bir gün süd qardaşı Abdullah ilə evlərinin yaxınlığında olan quzuların arasına getmişdilər. Süd qardaşı qaçaraq evə gəlib dedi ki: “Bəyaz geyimli iki nəfər, Qüreyşli qardaşımı yerə uzadıb qarnını yardılar, əllərini qarnına saldılar!”. Həlimə Xatun ilə əri Haris, sürətlə qaçıb Məhəmmədin yanına gəldilər. Gördülər ki, rəngi dəyişmiş vəziyyətdə, səmaya baxır və gülümsəyir. “Sənə nə oldu belə, mənim balam?” -  deyə soruşulanda, o, bunları danışdı: “Yanıma bəyaz geyimli iki nəfər gəldi. Birinin əlində içi qar dolu bir tas var idi. Məni tutub, sinəmi yardılar. Qəlbimi də çıxarıb yardılar. Oradan bir qan laxtası çıxardılar. Sinəmi və qəlbimi qarla təmizlədilər və bağlayıb gözdən itdilər”, - dedi.

Ola bilsin vaqiənin fərqli ifadə variantları da var, fikrimizin izahı üçün bu da yetərlidir.

Bəlkə də Qədir Rüstəmov, ələxüsus Rəmiş nadir şəxslərdir ki, yer üzünün sonuncu peyğəmbəri ilə bağlı hədisi onlardan bəhs edərkən yada salıb, tutuşdurmaq olar... hər halda, gələni saxlamazlar, demək icbaridir.

Epizpodlarda mifik hissiyyat qeyb olmasa da həyatilik önə çıxır. Rəmişin ölüm yastığının böyrünü kəsdirən şair – Aqil Abbas sanki heç olmayıb, yoxdur.

Komada Rəmiş var...

... Kənddən-kəsəkdən çıxan sonradan hansısa daha tanınmış sənətkarın seçimi ilə paytaxta gəlib (gətirilib) şöhrət qazanan bir çox istedadların yaradıcılıq yoluna yoldaşlıq edən trafaret - ustad tarzən Qurban Pirimov Rəmişin primitiv məktəbli tarında – dərs vəsaitindəki çalğısını dinləyir və vəcdə gələrək özünün misli-bərabəri olmayan sədəfli tarını həmkəndlisinə - Rəmişə bağışlayır.

...Sədəfli tar elə o andan yeniyetmə ifaçının (Rəmişin) varlığının bir parçasına çevrilir. O, tarla yatıb, tarla oyanır. Bir dəfə anası təşviş içində Rəmişin atası Hüseyn kişiyə deyir:

-Ay, kişi Rəmiş yatağında yoxdu, həyətə baxdım, həyətdə də yoxdu...

Ata:

-Bəlkə tualetə gedib?

Ana:

-Tarnan?

 Epizodlar davam edir.

...Tez-tez qeybə, “öz yerinə-yurduna” çəkilən Rəmiş  bu dəfə göylərdədi. Qəribədi, haçan ki, tar qoynunda, qucağındadı, onu yağış tutmur, qarşısına çıxan canavarı ildırım vurub kül eləyir. Məhz bu period – keçid dövrü Rəmişin ürəyinin mələklər tərəfindən təmizlənməsi vaxtı ilə üst-üstə düşür.

Oxucu yadda saxlamalıdır ki, povestdə zaman və məkan anlayışı irrialdır, başqa sözlə şərtidir. Mələklər Rəmişin ürəyini təmizləyəndə dünyanın bu mağmun insanı komada idi. Maraqlıdır, görəsən nə zamansa, X günündə, ən başlıcası Rəmişin oyaqlığında yəni, ağlı başındaykən belə bir xabi-qəflət, fövqəl təmizlənmə ayini ona ayan olmuşdumu? Bunu Allah bilir!..

Bura qədər olanları, düşünək ki, yazıçı nəql və ya təsvir edir, hərçənd reallığa uyğun gələn təsvir məqamları yox dərəcəsindədir. Məhz, söylənən bu və digər epizodlardan sonra yazıçı şərti bir məharətlə oxucunun gözündən yayınıb süjet xəttinə şəxsən daxil olur. Artıq, o, yalnız yazıçı deyil, “Rəmiş” povestinin obrazlarından biridir. Və bu iki nəfər - gitaraçı və şair ömründə görmədikləri bəxtəvərliyə düşüblər -  yer üzünün istədikləri nöqtəsində, göy üzündə, yerin altında, tarixdə, gələcəkdə... ola bilirlər. Eynən illuziyaçı Voland kimi (M. Bulqakov, “Master və Marqarita”, bu barədə lap sonda).

Povestdə sanki İNDİ yoxdur, İNDİ palata çarpayısında uzanan canbəsər xəstənin ölüm-dirim çarpışmasından ibarətdir.  

Məncə, müəllifin onun özünün  yaratdığı obrazlarla həmrəyliyi (süjet xəttinə şəxsən daxil olma) dünya ədəbiyyatı çapında yazıçı ədalarından sayıla bilər. Aqil Abbas oxşar yazı manerasına daha əvvəlki əsərlərində, xüsusilə “Qiyamət gecəsi” povestində də uğurlu cəhd eləmişdi.

Bədii epizodlar -  o, komada olsa da, yenə davam edir. Rəmişin xudmani otağında əyləşiblər –  özüdü, şairdi. Bir də gitara, bir də içinə səsucaldan dinamiklər yığılmış diplomat çanta, bir də konyak, bir də mavi alovun üstünə səpilən şübhəli ot qurusundan yayılan məstanə tüstü. Aqil Abbas qəhrəmanını (əgər ona qəhrəman demək olarsa) dünyanın istənilən bucağına (məsələn İtaliyanın Milan şəhərinə, dünya şöhrətli skripkası Paqanininin dövrünə, vətəninə və onunla  şəxsən teta-tet görüşə, dahi skripkaçı ilə eyni səhnəni bölüşməyə, yerin altına, dünyadan çoxdan köçmüş Qurban Pirimovun, Qədir Rüstəmovun axirət mənzilinə, işğal altında olan Qarabağa) çəkib aparmaq üçün elə bir mötəbər bədii-estetik platforma yaradır ki, həmin leksik müstəvidə həqiqətən də qeyri-adi ifaçının, ələxüsus da qeyri-adi insanın obrazını canlandırmaq üçün fürsət ələ düşür, geniş fəza yaranır.

Belə fürsəti kim əldən buraxar?

Budur, onlar (Rəmiş və şair) uzaq keçmişdədirlər, o qədər uzaq ki, Əmir Teymurun vaxtıdır. Amma onların ilk yada düşən gedəsi yer Qədir Rüstəmovun qapısıdır. Ora  təşrif buyuran müsafirlər (gitaraçı və şair) Qədir Rüstəmovla mürəbbəli çay içdikləri məqamda Əmir Teymurun adamları həyətə doluşur, onları qandallayıb hökmdarın (Əmir Teymurun) hüzuruna sürükləyirlər.

Budur, Rəmişlə şair boğazlarında ilməkli kəndir, ayaqlarının altındakı kətilin nə vaxt çəkiləcəyini gözləyirlər. Qədir isə Əmir Teymurun çadırındadır. Şah oxu əmri verəndə bəlli olur ki, xanəndə hansısa bir musiqi alətinin  müşaiyəti olmadan  oxuya bilməz. Məhz bu boşluğu doldurmaq üçün  dar ağacında jarqunlu, turşməzə zarafatdan qalmayıb ölüm anını gözləyən Rəmiş və şairi kəndirdən açıb çadıra gətirirlər.

İfalar Əmirin o qədər xoşuna gəlir ki, Qədirin xahişi ilə o, Təbrizin qarət olunmasını dayandırır, şairi, Rəmişi, Qədiri əfv edir. Rəmiş gitarasını Əlahəzrətə bağışlayır. Amma həm də çalğıya münasib nəmər də (şabaş) istəyir. Bu epizod mənə “Uzaq sahillərdə” filmində alman zabitinin portretini çəkən Mixaylonun ələ keçməyib, sağ qaldığı kadrları xatırladır; alman zabiti, əlbəttə, zəvzək rəngkara  heç zad vermir, üstəlik “atası alman”, “anası fransız” olan rəssamı həyasız adlandırır. Əmir Teymur isə Rəmişə və dostlarına iki kisə qızıl ənam verir.

Əsərdə ən maraqlı epizodlar silsiləsindən biri də Rəmiş – Paqanini xəttidir. Məhz bu xətti inkişaf etdirmək üçün yazıçı “Moskviç” maşınları xarab olub yolda qalan “Arqumenti i faktı” qəzetinin əməkdaşlarını, onların vasitəsi ilə moskvalı rejissor və operatoru, Rəmiş rola çəkilməkdən imtina edəndən sonra heç olmasa onun davranışlarını öyrənsin deyə Bakıya təşrif buyuran Paqanini rolunu canlandıracaq aktyoru, mən deyərdim, hər biri parlaq olan obrazlar qalareyasına ustalıqla daxil edə bilib. Əslində Aqil bəyin  mənə elə-belə, xatirə-söhbət kimi danışdığından bilirəm ki, təsvir olunan irriallığın həqiqət payının tək bircə nöqtə-vergülünə söz ola bilməz, yəni bu əhvalatların tümü, ədəbi təqdimat platforması irrial olsa belə, həyatdan götürülüb və demək ki, birmənalı olaraq Rəmişin həyatının real fraqmentləridir. O fraqmentləri ki, yazıçı episentrdə olmaqla bütün baş verən hadisələrin yeganə və  mötəbər şahididir. Aydın Dadaşov, Ceyhun Mirzəyev Rəmişi axtarıb Moskvalı qonaqlarla calaşdıranda da, bir-birinin ardınca qurulan bahalı restoran süfrələrində də, bahalı konyaklar yüz-yüz “əridiləndə” də, Rəmiş Qurban Pirimovdan yadigarını sərxoş “toy toğlusunun” təpəsinə çırpıb qocaman tarı  qırıqlayanda da və  Rəmiş İçərişəhərdə, daşın üstündə oturub o qızın pəncərəsinə baxanda da, Kərəmi yandırıb söndürə bilməyəndə: havacatı bitirmək üçün Qazaxa maşın sürüb Ədaləti Ağdam toyuna gətirməndə də yazıçı Aqil Abbas Rəmişin yanında idi. Necə ki, indi ustad sənətkar ölüm çarpayısında can verərkən, Gülü palatanın qapısında oturub göz yaşı tökərkən, belə dar macalda da müəllif öz qəhrəmanının, yanından ayrılmır, ayrıla bilmir.

Rəmiş komadadır, dünyadan əli üzülür, onun xatırlamağa halı nə gəzir, hallüsinasiyalar, qarabasmalar da sanki Rəmişdən daha çox Aqil Abbasa  aiddir.

Aydın Dadaşov, Ceyhun Mirzəyev, Vladimir, Leonid, Nikol-Paqanini, Əmir Teymur, Qurban əmi (Pirimov), içərişəhərli qız, balaca Rəmiş, Zeynəb Xanlarova, Mayestro Niyazi, Rəmişin atası Hüseyn kişi, Aşıq Ədalət, Qədir Rüstəmov, Qara Niqablı Mələk... Bir çoxunun adları, sənətləri və şəxsiyyətləri bizə həyatdan məlum olan bu insanların istisnasız olaraq hamısı “Rəmiş” povestinin süjet xətti içində qısa müddətə görünsələr də ibrətamiz hekayətlərin doğru seçimi və dolğun ədəbi-üslubi təqdimat sayəsində oxucunun yaddaşında möhkəm qalır, vahid bir təəssürat dairəsi daxilində yer alırlar.

İçərişəhərli qız yalnız pəncərədən görünür, o heç evdən həyətə də çıxmır. Amma bir dəfə ...

 “Yenə oturub pəncərəyə baxırdı və qəfildən pərdə açıldı. Bir qadın Rəmişə tərəf boylandı, güldü. Və ilk dəfə kəlmə kəsdilər:

-Rəmiş, uşaqla sənə çay göndərimmi?

Rəmiş də güldü:

-Pis olmaz...

Qadın çay göndərir, Rəmiş çay gətirən uşağın da adının Rəmiş olduğunu, ən qəribəsi balacanın eynən ona bənzədiyini görür. Amma, “Bir Allah bilirdi ki, Rəmişin əli heç o qızın əlinə də dəyməmişdi”.

“Uşağı bağrına basdı, uzun saçlarını qarışdırdı:

-Adın nədi?

-Rəmiş...

-Nə qəşəng adın var. Bu adı sənə kim qoyub?

-Anam sənin də adın Rəmişdi. Mən də gitara çala bilirəm”.

Bu sözdən sonra Rəmiş yaxınlıqdakı mənzilinə (yəqin ki kirayə mənzil) gedir, oradan gətirdiyi gitaranı balaca adaşına bağışlayır.

 

Gitaranı ona verəndə deyir:

“-Al, bağışlayıram sənə.

Uşaq gitaranı götürüb qaçdı evə:

-Mama, Rəmiş mənə gitara bağışladı.

Anası istədi gitaranı qaytarsın, amma, gördü ki, Rəmiş gedib və başladı ağlamağa.

Uşaq:

-Ana, niyə ağlayırsan?

-Oğul, o bir də gəlməyəcək!”

Zatən, ümumi halda, elə bir az da buna görə sonralar Rəmiş Sabir bağında çay içdikləri vaxt Qala duvarlarını göstərib şair dostuna demişdi ki, mən o daşların üstündə qan görrəm, gözümü yumuram, divarların arxasında saçlarını yolan anaları görrəm, gəlinləri görrəm. O daşlar hamısı ağlıyır, özü də hamısı qan ağlıyır.”

 

Bir çox epizodlar, xüsusilə Rəmişin toyda, məclislərdə ifa etdiyi məqamlar, Həştərxan səfəri, Ədaləti Qazaxdan şəpitlə Ağdam toyuna gətirməyi... Rəmişin azad ruhunun, gözü-könlü toxluluğunun, mərdliyinin təcəssümü, həyat həqiqətinin bədii təstiqidir. Yəni obrazın belə yüksək insani məziyyətləri sıradan sözlərlə bəyan edilmir, dərin yazıçı müşahidələrinin yüksək sənətkarlıqla təsviri yoluyla hasilə gəlir.

İki surət – şair və Rəmiş  həzin, kövrək, bəzən hədsiz dərəcədə kədərli, bəzən qəşş eləyib gülməli olan bu hekayəti bir an belə tərk etmir.

Hadisələrin qələmə alındığı zaman kəsimində Qədir də, Teymurləng də, Paqanini də çoxdan o dünyada idilər. Rəmişin bir ayağı burda, bir ayağı orda... Süni nəfəs aparatına qoşulmuşdu. Belə darlıqda insanın o dünyaya gedib qayıtmağının sarsıntıları məlumdur, başqa sözlə ora gedib qayıtmağın psixoloji əsasları var. Povestin yeganə obrazı, şair – Aqil Abbas reallıqda olmaqla, həyatda yaşamaqla bərabər, həm də o biri dünyanın tam hüquqlu vətəndaşıdır: Əmir Teymurun çadrı önündə boğazı kəndirdədi, Qədirin evində mürəbbəli çay içir, Milanda Paqanini və Rəmişi alqışlayır. Yerin, Göyün harasındasa diplomat çantanı açıb dinamikləri (səsucaldan) ecazkar gitaraya qoşur.

Güman edirəm ki, bu yüksək məziyyətli əsər hörmətli tənqidçilərimizin də nəzərini cəlb eləyəcək, onlar daha gizli bədii-estetik cəhətləri üzə çıxaracaqlar.

Sonda povestin bir sıra detallarının bir vaxtalr müatliə etdiyimiz qüvvətli nəsr örnəkləri ilə səsləşdiyini söyləməkdə də fayda görürəm.

Çünki mən İohan Volfqanq  Hötenin “Faust”, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, “Pəri cadu”, Mixail Bulqakovun “Master və Marqarita”, Yusif Səmədoğlunun “Qətl günü”, Qabriel Qarsia  Markesin “Məlum bir qətlin tarixçəsi” əsərlərindən, müəllifin özünün əvvəllər qələmə aldığı “Qiyamət gecəsi” romanından sıçrayıb “Rəmiş” povestinin “üst-başına tökülən” qığılcamlara, işartı əlamətlərə də göz yuma bilməzdim.

Əgər yadda qalıbsa, bir qədər irəlidə yazıçının qidalandığı üç şərtdən sonuncusunu da xatırlatmışdım - əxz olunan biliklər toplusu, klassik və müasir ədəbi irsə istinad... Bu, şəkk-şübhəsiz qəbul ediləndir. Əsas odur ki, Aqil Abbas arsenalında olan bütün vasitələrdən istifadə edərək oxuculara insan, mələk, şeytan, sənətkar Rəmişin canlı, mifik obrazını xalqımıza çatdırıb. Rəmişin bədii obrazı bu əsərdə, deyə bilərəm ki, dahiyanə çalğısı qədər dolğun, sənətkarlığı qədər  mükəmməldir. O, yetkin, dərin fəlsəfi anlamı olan, ehtirama layiq ədəbi qəhrəmandır.

İnsanlığın sonuncu peyğəmbəri Məhəmməd əlehüssəlama aid bir hədislə (ürəyin fövqəl qüvvələr tərəfindən təmizlənməsi) başlayan povestdə qəhrəmanın əbədiyyətə qovuşmağı (ölümü) digər peyğəmbərin İsa-Məsihin dərgaha çəkilməyi haqqındakı mistika ilə açıq-aşkar paralel təşkil edir. Son cümlələri birlikdə oxuyaq.

“  - Rəmiş, getmək vaxtıdı...

Və Rəmişi qucağına alıb qalxdı göylərə. O biri mələklərlə birlikdə. Uçurdular. ... Mələklər Qara Niqablı Mələkdən acizanə xahiş elədilər ki, icazə ver sonuncu dəfə çalsın. Qara Niqablı Mələk sərt şəkildə cavab verdi:

- Olmaz!

Rəmiş özünü toxdadıb:

- Brat, mənə o boyda Sovet hökuməti qadağa qoya bilmədi, sən kimsən mənə qadağa qoyasan? - dedi və gitaranı basdı sinəsinə başladı… çalmağa.

…Rəmiş uymuşdu, bütün kainatı da uyutmuşdu.

Xəstəxananın həyətində ölüm xəbərini gözləyənlər göylərdən gələn qəribə gitara səsi eşitdilər. Donub qaldılar. Hamının baxışı dikildi göylərə.

…Şair gitaranın səsi eşidən kimi bir kənara çəkilib başladı hönkürüb ağlamağa.

Palatadakı həkim də, tibb bacısı da çaşıb qalmışdı, gözlərinin qabağında birdən-birə Rəmiş gitarası ilə bir yerdə yox olmuşdu.

Azərbaycan musiqi mədəniyyətinə üz verən bu ağır itki, Rəmiş itkisi Azərbaycan nəsrinə “Rəmiş” povesti kimi ciddi dəyərə malik möhtəşəm bir əsər qazandırıb. Zəhmətini bu əsərdə ruhu dolaşan qəribə insanlara halal elə, şair  ürəkli yazıçı qardaşım Aqil Abbas!

Mərdəkan, 9 mart, 2026.